...

Ağalı kəndinə daha 727 sakinin köçürülməsi nəzərdə tutulur

Siyasət Digər xəbərlər 4 Avqust 2022 11:07
Trend Tasnem Ismukhan
Ağalı kəndinə daha 727 sakinin köçürülməsi nəzərdə tutulur

Zəngilanın Ağalı kəndinə daha 727 nəfər sakinin köçürülməsi nəzərdə tutulur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial-iqtisadi, təhsil, demoqrafik vəziyyəti, cari gəlirgətirən fəaliyyət, özünüməşğulluq və məşğulluq səviyyəsinin müəyyən edilməsi, ehtiyaclarının qiymətləndirilməsi və mərhələli qayıdışla bağlı fikirlərinin öyrənilməsi məqsədilə sorğular keçirir. Sorğulara 16-63 yaş aralığında olan şəxslər cəlb olunublar.

Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) ilə birgə pilot metodologiyalarla hazırladığı sorğular, üzbəüz müsahibələr, masa araşdırmaları və fokus-qrup görüşləri Ağalı kənd əhalisinin sıx məskunlaşdığı Bakı, Sumqayıt şəhərlərində, Abşeron və Beyləqan rayonlarında aparılır.

Ümumilikdə “ağıllı kənd” konsepsiyası əsasında salınan Ağalı kəndinə daha 727 nəfər sakinin köçürülməsi nəzərdə tutulur. Həmin sakinlərdən əmək qabiliyyətli 492 nəfərin ehtiyaclarının qiymətləndirilməsinə və müvafiq olaraq, onların məşğulluğunun səmərəli təmin edilməsi üçün müvafiq sorğu-anketlər keçirilir.

Belə ki, yekun mərhələdə sorğuların nəticələri təhlil ediləcək, əmək qabiliyyətli hər bir məcburi köçkünün bilik və bacarıqlarının təkmilləşdirilməsi, uyğun məşğulluq fəaliyyəti ilə təmin olunması üçün aidiyyəti qurumlarla birgə əmək yarmarkaları, işəgötürənlərlə görüşlər və müvafiq digər optimal tədbirlər həyata keçiriləcəkdir.

Sorğuların bu ilin avqust ayı ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbərlər

Xəbər lenti