BAKI,TurkicWorld
Noyabrın sonunda Daşkənd bir daha Avrrasiya siyasətinin nəzər nöqtəsində olacaq – 26 noyabr 2025-ci il tarixində Özbəkistan 3-cü Avropa İttifaqı Mərkəzi Asiya İqtisadi Forumuna ev sahibliyi edəcək. Bu mühüm platformada Avropa İttifaqı ilə region ölkələri arasında əməkdaşlığın gələcək parametrləri müzakirə olunur.
TurkicWorld Trend-ə istinadən xəbər verir ki, Mərkəzi Asiyaya diqqət bu gün misilsizdir – son bir ildə Daşkənd, Astana və regionun digər paytaxtları Aİ–Mərkəzi Asiya, Çin–Mərkəzi Asiya kimi formatlardan tutmuş, ABŞ–Mərkəzi Asiya çərçivəsinin artıq Vaşinqton səviyyəsinə yüksəldiyi böyük sammitlərin mütəmadi ev sahiblərinə çevriliblər.
Lakin bütün bu diplomatik fəallığın fonunda bir detallı qeyd etmək lazımdır: Azərbaycan olmadan Avrasiyada heç bir tranzit, logistika və ya enerji layihəsi tam şəkildə həyata keçirilə bilməz. Bakı artıq sadəcə əlaqələndirici arxitekturanın bir hissəsi deyil – o, bu arxitekturanın əsas daşıyıcı elementinə çevrilib. Əgər Avropa, ABŞ və ya Çin təşəbbüsləri nəqliyyat dəhlizlərinin real möhkəmləndirilməsinə yönəlibsə, Azərbaycanın bu layihələrdəki rolunu "əlavə" kimi xarakterizə etmək olmaz – onun oynadığı rol təməl xarakter daşıyır.
Bu gün Bakı həm Mərkəzi Asiyanın Avropaya açılan "pəncərəsi", həm də Avropanın Şərqi Asiya bazarlarına çıxışı üçün əsas qapıdır. Məhz buna görə qarşıdakı Aİ–Mərkəzi Asiya Forumu açıq və səmimi şəkildə danışmaq üçün münasib imkandır: Azərbaycan olmadan, region layihələri, tədarük zəncirləri və ya yeni marşrutlar haqqında heç bir müzakirə məna kəsb etmir.
Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə formatının tamhüquqlu iştirakçısı kimi tanınması da bu yaxınlarda baş verən mühüm hadisələrdən biri oldu. Region çoxdan beş dövlətlə məhdudlaşmır və Bakının prosesə daxil edilməsi təsdiqləyir ki, bu gün Avrasiyada heç bir tranzit, logistika və enerji layihəsi Azərbaycanın iştirakı olmadan reallaşdırıla bilməz. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qeyd etdiyi kimi, Azərbaycan bölgələrarası əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək; Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə vurğulayıb ki, Bakının iştirakı ilə regionun səsi beynəlxalq arenada daha da əhəmiyyətli olacaq.
Daşkənddə keçiriləcək Üçüncü Avropa İttifaqı–Mərkəzi Asiya İqtisadi Forumu Aİ nümayəndələrini, region ölkələrinin hökumətlərini, özəl sektoru, beynəlxalq maliyyə institutları və təşkilatlarını bir araya gətirəcək. Əsas mövzular – biznes mühitinin yaxşılaşdırılması, ticarətin inkişafı, regional inteqrasiyanın təşviqi, dəyər yaradan zəncirlərinin formalaşdırılması və bacarıqların gücləndirilməsidir.
Növbəti gün isə Transxəzər marşrutu üzrə İnvestorlar Forumu keçiriləcək – bu isə Aİ-nin Orta Dəhlizə üstünlük verməsinin daha bir göstəricisidir. Artıq Avropa İttifaqı "Global Gateway" çərçivəsində Mərkəzi Asiyaya 12 milyard avroluq investisiya paketi ayırıb, bunun 10 milyardı Transxəzər nəqliyyat dəhlizinin inkişafına yönəlib.
Bu arada Çin regiondakı iştirakını fəal şəkildə dərinləşdirir. Çin–Mərkəzi Asiya iyun sammitində Çin Xalq Respublikasının Sədri Si Cinpin təqribən 210 milyon dollar həcmində maliyyə yardımı ayırmaq niyyətini təsdiqləyib və bu vəsaitin bir qismi "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində infrastruktur layihələrinə yönəldiləcək. Azərbaycan bu layihənin ən böyük iştirakçılarından biridir və Çindən sonra investisiya həcminə görə ikinci yeri tutur.
6 noyabrda Vaşinqtonda keçirilən ABŞ-Mərkəzi Asiya Sammiti də əsasən ticarət və nəqliyyat əlaqələri məsələlərinə fokuslanıb. Məhz həmin tədbirdə ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsi (The Trump Route for International Peace and Prosperity) haqqında danışarkən Azərbaycanın əhəmiyyətini xüsusi vurğulayıb: "Bu, dünyanın ən mühüm məntəqələrindən keçən yeni bir yoldur. O, Xəzərin o tayında kommersiya aktivliyini artıracaq və Mərkəzi Asiya ölkələrinin inkişafına güclü təkan verəcək".
Zəngəzur dəhlizi və ya TRIPP artıq Orta Dəhlizin yeni infrastruktur arteriyası kimi nəzərdən keçirilir. Son iki ildə marşrut üzrə yük axınları təxminən 90 faiz artıb. Bu isə Azərbaycanın nəqliyyat sisteminin gücü hesabına mümkün olub: Xəzərdə ən böyük donanma, beynəlxalq hava limanları şəbəkəsi, Bakı–Tbilisi–Qars dəmir yolu – bütün bunlar ölkəni Avrasiya logistikası üçün əvəzolunmaz edir. Aİ-nin həmin marşrutun inkişafına artıq 10 milyard avro sərmayə yatırdığını nəzərə alsaq, bir şey çox aydın görünür: TRIPP təkcə ABŞ-nin marağı deyil, həm də Avropa üçün strateji zərurətdir.
Paralel olaraq bərpaolunan enerji təşəbbüsləri də inkişaf edir. 2024-cü ilin noyabrında Bakıda COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan "yaşıl" enerjinin istehsalı və ötürülməsi üzrə strateji tərəfdaşlıq haqqında saziş imzaladılar. "Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsi AİB və AİİB tərəfindən dəstəklənir.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov son çıxışında bildirib ki, 2032-ci ilə qədər Azərbaycanda istehsal ediləcək 6 giqavat bərpaolunan enerjinin 4 giqavatının Xəzər–Qara dəniz–Avropa dəhlizi vasitəsilə təmin olunması üzrə intensiv işlər aparılır. O vurğulayıb ki, "Azərbaycan–Türkiyə–Avropa" və "Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan" layihələri Mərkəzi Asiya ilə Avropa arasında "körpü"yə çevrilə bilər və Asiyadan Aİ-yə uzanan vahid "yaşıl" enerji platforması yarada bilər.
Bu marşrutlara fiber-optik sistemlərinin inteqrasiyası təsiri daha da gücləndirir: söhbət artıq yalnız energetikadan deyil, həm də rəqəmsal və nəqliyyat əlaqəliliyindən gedir ki, bu da Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.
Bu gün, ən böyük dövlətlərin Mərkəzi Asiya ilə paralel sammitlər keçirdiyi əsnada, ümumi mənzərə getdikcə daha aydın olur: Xəzər ilə Tyan-Şan arasındakı məkan qlobal əlaqəlilik üçün əsas düyün nöqtələrindən birinə çevrilir. Lakin nə Brüssel, nə Pekin, nə də Vaşinqton bütün bu marşrutların qovuşduğu nöqtəni nəzərdən kənar tuta bilər. Həmin nöqtə - məhz Azərbaycandır.
Prezident İlham Əliyevin ardıcıl strategiyası Bakını Avrasiya arxitekturasının mərkəzi qovşağına çevirib – istər nəqliyyat, istər energetika, istərsə də kommunikasiya sahəsində. Bu siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycan təkcə Mərkəzi Asiya ölkələrinin etibarlı tərəfdaşı deyil, həm də regionun Avropaya çıxışını təmin edən marşrutların əsas operatoruna çevrilib.
Üçüncü Aİ–Mərkəzi Asiya İqtisadi Forumu ərəfəsində məhz Brüssel üçün öz maraqlarının coğrafiyasına dürüst baxmağın vaxtı çatıb: Mərkəzi Asiyanı Azərbaycandan ayrılıqda müstəqil element kimi nəzərdən keçirmək mümkün deyil. Regionda heç bir marşrut, heç bir enerji dəhlizi, heç bir "yaşıl" layihə Bakıdan keçmədən dayanıqlı ola bilməz.
Əgər Avropa İttifaqı doğrudan da Mərkəzi Asiya ilə tərəfdaşlığı gücləndirmək niyyətindədirsə, Azərbaycanı bütün regional layihələrin açar ölkəsi kimi nəzərə almalıdır. Əks halda mənzərə natamam, strategiya isə işlək olmayacaq. Avrasiyada bu gün artıq heç kim tərəddüd etmir: regional təşəbbüslərdə Azərbaycan sistemqurucu rol oynayır. Artıq bunun Avropada da eyni dərəcədə aydın görünməsinin vaxtı çatıb.







