Türkiyəyə məxsus taxıl daşıyan gəmi Mariupoldan yola düşüb

Türkiyəyə məxsus taxıl daşıyan gəmi Mariupoldan yola düşüb

Bakı. TurkicWorld:

Türkiyəyə məxsus taxıl daşıyan gəmi “Azov Concord” Ukraynanın işğal altında olan şəhəri Mariupoldan yola düşüb. TurkicWorld-un məlumatına görə, Türkiyənin Milli Müdafiə Nazirliyindən bir qrup hərbi heyət ərzaq böhranının həlli, Ukrayna limanlarında gözləyən taxıl yüklü ticarət gəmilərinin göndərilməsi və Türk Silahlı Qüvvələrinə məxsus təyyarələrin Borispol Hava Limanından təhlükəsiz daşınması kimi məsələləri müzakirə etmək üçün Rusiyaya gedib.

Məlumata əsasən, Ukrayna limanlarından taxıl yüklü ticarət gəmilərinin boşaldılmasının müzakirə edildiyi görüşdə problemin həlli üçün Türkiyə, Rusiya, Ukrayna və BMT arasında danışıqlar üçün anlaşmanın yaradıldığı öyrənilib. Bu kontekstdə Ukrayna və BMT tərəfi ilə keçirilən görüşlərin ardından yaxın həftələrdə Türkiyədə dördtərəfli görüşün gözlənildiyi bildirilib.

Qeyd edək ki, paytaxt Moskvada Türkiyə, Rusiya və Ukrayna arasında qurulan “qırmızı xətt” diplomatiyası çərçivəsində təyin olunmuş Türkiyə və Rusiya generallarının başçılıq etdiyi hərbi nümayəndə heyətlərinin görüşünün çox müsbət atmosferdə keçdiyi qeyd edilib.

Əlavə olaraq bildirək ki, hərbi əməliyyatın başladığı gündən bu yana “Azov Concord” Mariupol şəhərindən çıxarılan ilk gəmi olub.