Bakı. TurkicWorld:
İtaliya-Azərbaycan Universitetinin yaradılması iki ölkə arasındakı münasibətlərin inkişafında növbəti mərhələdir.
TurkicWorld-un məlumatına görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev universitetdə keçirilən "Italian Design Day" sərgisində deyib.
"İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında münasibətlərin inkişafı üçün əhəmiyyət daşıyır. ADA Universiteti İtaliyanın beş universiteti ilə artıq əməkdaşlıq edir. Ümid edirəm ki, bizim birgə səylərimiz ölkələrimiz arasında məhsuldar əməkdaşlığa töhfə verəcək", - deyə o bildirib.
Qeyd edək ki, aprelin 2-də İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub. Mərasimdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov, təhsil naziri Emin Əmrullayev və İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio iştirak ediblər.