Bakı. TurkicWorld:
Albaniya və Azərbaycan enerji və turizm sahəsində gələcək addımlar barədə razılığa gəliblər.
Bunu TurkicWorld-ə özəl müsahibəsində aprelin 14-də Azərbaycanda rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama deyib.
"Bizim çox yaxşı münasibətlərimiz var və indi daha çox sərmayəni təmin etmək, turizm sahəsində əlaqələri genişləndirmək və xalqlarımız arasında əlaqələri möhkəmləndirməklə əməkdaşlığımızı gücləndirmək və onu inkişaf etdirmək yollarını müzakirə etməyin vaxtıdır. İqtisadi əlaqələrimizin daha da genişləndirilməsi üçün imkanlar var. Ona görə də mən Azərbaycana gəldim və Prezident İlham Əliyevlə, eləcə də Baş nazir Əli Əsədovla geniş müzakirələrimiz oldu. Biz enerji və turizm sahəsində gələcək addımlar barədə razılığa gəldik", - deyə E.Rama bildirib.
Baş nazir Azərbaycandakı görüşlər zamanı Albaniyaya qaz tədarükü məsələsini də müzakirə etdiyini qeyd edib.
"Texniki qrup bunun üzərində işə başlayacaq və çox yaxında bundan sonra nə edəcəyimiz üzrə dəyərləndirmə olacaq", - deyə Albaniyanın Baş naziri deyib.
Bundan başqa, E.Rama qeyd edib ki, Albaniya şirkətləri Qarabağa sərmayə qoymaqda maraqlıdırlar.
"Mən bu barədə Baş nazir Əli Əsədova dedim, o isə buna baxmağa hazır olduğunu bildirdi", - deyə E.Rama bildirib.
Albaniyanın Azərbaycandan hansı sahələrə investisiya cəlb etmək istədiyi barədə sualı cavablandıran Baş nazir enerji və turizm istiqamətlərini qeyd edib.
"Gələn il biz diplomatik münasibətlərimizin qurulmasının 30 illiyini qeyd edəcəyik və bütün həftəni Albaniyada Azərbaycana həsr edəcəyik. Hər iki ölkədə səfirliklərin açılması yaxşı olardı", - deyə Baş nazir bildirib.