Azərbaycan və İran arasında yeni tranzit imkanları yaranacaq - İran XİN

Azərbaycan və İran arasında yeni tranzit imkanları yaranacaq - İran XİN

Lazımı infrastruktur qurularsa, Azərbaycan və İran arasında tranzit sahəsində yeni imkanlar yaranacaq.

TurkicWorld-un məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Tehranda keçirilən mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, ötən bir neçə ay ərzində iki ölkə arasında əlaqələr daha da intensivləşib. "Nəticədə birgə komissiyanın iclası təşkil olunub və sənəd imzalanıb", - nazirlik rəsmisi əlavə edib.

O əlavə edib ki, ötən 30 il ərzində Azərbaycan vətəndaşları Naxçıvana gedib-gəlmək üçün Biləsuvar sərhəd-keçid məntəqəsindən keçməklə İran ərazisindən istifadə edirdilər: "Müharibə başa çatdıqdan sonra Naxçıvana daha yaxın məntəqədən istifadə etməklə İran ərazisindən keçmək məsələsi irəli sürülüb".

Qeyd edək ki, martın 11-də Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirilib. Komissiyanın iclasından sonra Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu və bir sıra digər sənədlər imzalanıb.