Azərbaycanla İran arasındakı Anlaşma Memorandumu tarixi sənəddir - Şərh

Azərbaycanla İran arasındakı Anlaşma Memorandumu tarixi sənəddir - Şərh

Martın 11-də Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu gün Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandum imzalandı.

Məsələ ilə bağlı TurkicWorld-ə açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, bu Anlaşma Memorandumu regional əhəmiyyətli tarixi sənəddir.

O qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində təmin etdiyi Böyük qələbəsi ilə regionda yeni reallıq yaradıb.

“Bu yeni reallıq region ölkələrin baxışlarını dəyişib, gələcəyə daha inamla baxmağına imkanlar formalaşdırıb. Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatlarda Zəngəzur dəhlizinin açılması və region ölkələrin əməkdaşlığı üçün yeni format razılaşdırılıb. Amma Ermənistan yenə də öz düşmənçilik xislətindən əl çəkməyərək bu bəyanatların icrasının həyata keçirilməsinə konstruktiv yanaşmır və zamanı uzatmaqla kommunikasiyaların açılmasnıı manipulyasiya etməklə özünün əlində də hər hansı bir təsir vasitəsinin qaldığını nümayiş etdirməyinə çalışır.

Əslində imzalanmış üçtərəfli bəyanatlarda kommunikasiyaların açılması və Zəngəzur dəhlizi vasitəsilə manesiz keçidin təmin edilməsi ilə bağlı Ermənistanın rəsmi imza atdığı öhdəliyi mövcuddur. Bu dəhlizin açılması zamanın işidir və cənab Prezidentin qeyd etdiyi kimi əgər Ermənistan öz xoşu ilə Zəngəzur dəhlizin açılmasında iştirak etməzsə biz onu məcbur edəcəyik.

Təbii ki, Zəngəzur dəhlizi hər şeydən əvvəl dalana salınmış Ermənistanın özü üçün bir ümüd yeridir. Çünki, qonşu ölkələrə olan ərazi iddialarından Ermənistanın qonşu dövlətlərlə yolları bağlıdır. Amma Ermənistan yaranmış bu fürsəti lazımı dəyərləndirə bilmədi”, - deyə deputat bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev uzaq görən siyasətçi və regionda perspektivli layihələri reallaşdıran bir liderdir.

“Bu gün cənab Prezidentin təşəbbüsü və təşkilatçılığı ilə reallaşmış enerji nəqliyyat və tranzit nəqliyyat dəhlizləri qitələri birləşdirmiş və ölkələr arası münasibətlərin möhkəmlənməsinə və regional təhlükəsizliyin təmin olunmasına xidmət etməkdədir”, - deyə A.Badamov əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu həqiqətən çox böyük tarixi hadisədir.

“Eyni zamanda xüsusi sevindirici hal odur ki, hazırda bütün qlobal təşəbbüslər, nəhəng regional layihələr, mühüm yeniliklər məhz Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilir. Belə layihələr Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirir, daha geniş coğrafiyanın enerji təhlükəsizliyini təmin edir, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun inkişafına mühüm təsirini göstərir.

Xüsusilə vurğulamaq lazımdır ki, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxcıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması geostrateji müstəvidə Azərbaycanın yeni və tarixi qələbəsidir. Memorandumun məqsədi bölgədə, konkret olaraq məlum istiqamətdə yeni dəmir və avtomobil yolu əlaqəsinin, eyni zamanda rabitə və enerji təminatı xəttlərinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində piyada keçidi də daxil iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün və rabitə, enerji infrastrukturunun tikintisi nəzərdə tutulur. Üstəlik, bütün bu proseslərin çox qısa müddətdə həyata keçrilməsi planlaşdırılır. Belə ki, artıq hər iki hökümətin nümayəndələrinə konkret tapşırıqlar verilib. Yəni, iş sürətli gedir və tez bir zamanda reallaşacaq”, - deyə deputat bildirib.

O qeyd edib ki, bütün məlum gerçəkliklər onu deməyə əsas verir ki, Azərbaycan bölgədə öz mövelərini gücləndirməyə davam edir. “Eyni zamanda dövlətimizin nüfuzu günü gündən artır. Bu isə ölkə başçımız, cənab Prezident İlham Əliyevin yürütdüyü düzgün və məqsədyönlü siyasətlə birbaşa əlaqədardır”, - deyə o əlavə edib.