Son dəqiqə

Azərbaycan Türkiyə Özbəkistan Ankara

Sabah Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan XİN görüşü keçiriləcək

Bakı, TurkicWorld

Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin ikinci üçtərəfli görüşü 29 yanvar 2025-ci ildə Türkiyənin paytaxtı Ankarada baş tutacaq.

TurkicWorld xəbər verir ki, görüşdə regional əməkdaşlıq, iqtisadi əlaqələrin gücləndirilməsi və nəqliyyat şəbəkələrinin inkişafı kimi mühüm məsələlər müzakirə ediləcək.

Türkiyədən görüşdə xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat və nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu; Azərbaycandan xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev; Özbəkistandan isə xarici işlər naziri Bəxtiyar Saidov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, nəqliyyat naziri İlham Mahkamov iştirak edəcək.

Görüşün gündəliyində xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiyalar sahəsində əməkdaşlıq, regional nəqliyyat şəbəkələrinin inkişafı və logistika əlaqələrinin gücləndirilməsi kimi bir sıra məsələlər yer tutur.

Görüşdə əsas məqsədlər geosiyasi dəyişikliklərin Türk Dünyası üçün yaratdığı imkanları dəyərləndirmək, Orta Dəhliz layihələrinin sürətləndirilməsi ilə regionlararası əlaqələrin gücləndirilməsi, qlobal təchizat zəncirlərində yaranmış problemlərin həlli və alternativ marşrutların inkişaf etdirilməsi, həmçinin gömrük prosedurlarının uyğunlaşdırılması və ticarət maneələrinin mərhələli şəkildə aradan qaldırılmasıdır.

Görüşün yekununda “Ankara Bəyannaməsi” imzalanacaq və qarşıdakı dövr üçün konkret fəaliyyət planı təsdiqlənəcək.

Qeyd edək ki, bu üçtərəfli platformanın ilk görüşü 2 avqust 2022-ci ildə Daşkənddə keçirilmişdi. Həmin vaxtdan etibarən pandemiyanın və Rusiya-Ukrayna müharibəsinin yaratdığı təchizat problemlərinin həlli məqsədilə ölkələr arasında strateji əməkdaşlıq platforması inkişaf etdirilib.

Mövzuya görə xəbərlər