Son dəqiqə

Azərbaycan AZAL Qazaxıstan

AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb - Qazaxıstan baş nazirinin müavini

Bakı. TurkicWorld:

Bu gün “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktau şəhərində qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

TurkicWorld xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayeb deyib.

“Aktauda təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Yaralılardan 11 nəfərinin vəziyyəti ağırdır. İlkin məlumatlara görə, sağ qalanlar arasında Qazaxıstan vətəndaşı yoxdur”, - deyə o bildirib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Mövzuya görə xəbərlər