Bakı. TurkicWorld:
Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Azərbaycan Respublikasının hökümətinə və xalqına başsağlığı verib.
TurkicWorld xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında paylaşdığı bəyanatda qeyd edilib.
"Qazaxıstanın qərbində yerləşən Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığı həlak olanların ailələrinə və Azərbaycan Respublikası hökumətinə və xalqına dərin hüznlər başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayır", - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.