Bakı. TurkicWorld
Bakıda keçirilən COP29-un nəticələrinin bütün dünya üçün məhsuldar olacağına ümid edirəm.
TurkicWorld xəbər verir ki, bunu COP29 çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin İstanbul şəhərinin meri Əkrəm İmamoğlu deyib.
"COP29-un Bakıda keçirilməsi məni çox xoşbəxt etdi. Əməyi keçən bütün dostlarımıza təşəkkür edirəm. Mən də Türkiyə vətəndaşı olaraq qürurlandım. Çünki Azərbaycan bu günə qədər gördüyüm ən prestijli konfranslardan birini təşkil edib. Ümid edirəm ki, konfransın nəticələri də region üçün, ölkələr üçün, həm də bütün dünya üçün çox məhsuldar olacaq", - o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.