Bakı, TurkicWorld
İqlim şəffaflığı məsələlərinə verdiyi xüsusi diqqətə görə BMT Azərbaycana öz təşəkkürlərini bildirib.
TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva Bakıda keçirilən "İqlim Şəffaflığının Artırılması: Genişləndirilmiş Şəffaflıq Sistemində (ETF) Ümumi İştirakın Təşviqi" adlı yüksək səviyyəli dialoqda bildirib.
"BMT dünya ölkələrini cari ilin sonuna qədər ilk 2 illik şəffaflıq hesabatlarını (BTR) təqdim etməyə çağırır. O, həmçinin, dövlətlərə iqtisadiyyatın bütün sahələri üzrə istixana qazı emissiyalarının ümumi həcmi barədə məlumat vermələrini tövsiyə edir", - o bildirib.
Andreyeva hesabatların iqlim dəyişiklikləri ilə mübarizədə irəliləyişi izləmək və milli fəaliyyət planlarının (NDC) həyata keçirilməsini təmin etmək üçün vacib olduğunu qeyd edib.
O, BMT-nin Azərbaycana COP29-a hazırlıq və Bakı Qlobal Şəffaflıq Platformasının başlaması məsələlərində dəstək verməyə davam edəcəyini vurğulayıb.
"BMT Azərbaycanın iqlim şəffaflığı məsələlərinə verdiyi diqqətə və Bakı Qlobal Şəffaflıq Platformasının yaradılmasına görə Azərbaycana öz təşəkkürünü bildirir", - o əlavə edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.