Bakı, TurkicWorld
Azərbaycanda seçkilərin müşahidə olunması üçün bütün lazımi şərait yaradılıb.
TurkicWorld xəbər verir ki, bu barədə MDB müşahidə missiyasının rəhbəri, MDB-nin Baş katibinin birinci müavini Leonid Anfimov brifinqdə bildirib.
O, müşahidə missiyasının 13 avqust tarixindən həyata keçirildiyini xatırladıb.
"Missiya tərkibində Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan, Özbəkistan Respublikası, MDB iştirakçı dövlətlərinin Parlament Assambleyası, Belarus və Rusiya Parlament Assambleyası, eləcə də, İcraiyyə Komitəsi tərəfindən akkreditə olunmuş müşahidəçilər yer alıb", - Anfimov qeyd edib.
O qeyd edib ki, missiyanın MDB-nin demokratik seçkilər üçün müəyyən etdiyi standartlara, seçici hüquq və azadlıqlarına, seçkilərə müdaxilə etməmə prinsiplərinə, Azərbaycanın seçki qanunvericiliyinə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq həyata keçirilib.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri üzrə səsvermə prosesi 1 sentyabr saat 19:00-da başa çatıb. Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığı 37,27 faiz təşkil edib. Sayılmış bülletenlərin sayı 2196771 olub.