Bakı, TurkicWorld
Kolonializm bu gün də təhsil sisteminə dərindən və uzunmüddətli təsir göstərir.
TurkicWorld -in cümə axşamı verdiyi məlumata görə, bu barədə Bakıda Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans zamanı hüquq müdafiəçisi Felip Santyaqo Melaan bildirib.
O qeyd edib ki, Boneyra məktəblərinin strukturu və standartları böyük ölçüdə müstəmləkəçilər tərəfindən tətbiq olunan normalar və dəyərlərlə formalaşır.
"Qaydalar və sistemlər tez-tez yerli əhalinin ehtiyaclarından çox hollandiyalı tələbələrin tələbat və üstünlüklərini nəzərə alaraq hazırlanır.
Başqa bir nümunə isə bizim təhsil sistemimizdə işə qəbul praktikasıdır. Burada əksər vakansiyalar niderlandlı müəllimləri cəlb etməyə yönəlib. Belə bir yanaşma yerli müəllimləri arxa plana keçirir və tədris dilinin əsasən keçmiş müstəmləkəçilərin dili olan hollandca olduğu bir sistemin mövcudluğunu uzadır", - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Niderlandın müstəmləkə hakimiyyəti altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir. Tədbirin təşkilatçıları Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra adasında insan hüquqları və dəyişikliklər uğrunda hərəkatdır.
"Boneyra adasının BMT Baş Assambleyasında Bakı Təşəbbüs Qrupu vasitəsilə öz müqəddəratını təyinetmə yolu" adlı konfransda kolonializmə qarşı mübarizə aparan və azadlığa can atan Bonaire xalqının nümayəndələri, eləcə də Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent-Lusiya, Böyük Britaniya, Meksika, Niderland, BMT və digər beynəlxalq və regional təşkilatların rəsmi şəxsləri və nümayəndələri iştirak edirlər. Bundan əlavə, konfransda hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya sahəsində ekspertlər və tədqiqatçılar iştirak edirlər.