Son dəqiqə

Ombudsman Səbinə Əliyeva

Beynəlxalq ictimaiyyət deportasiyaya məruz qalmış azərbaycanlılar üçün tədbir görməlidir - Ombudsman

Bakı,TurkicWorld

Bu gün indiki Ermənistan ərazisindən sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan ərazisindən sonuncu azərbaycanlıların deportasiyasının ildönümü ilə bağlı Ombudsman Səbinə Əliyevanın müraciətində deyilir.

"Tarixin müxtəlif dövrlərində, xüsusilə ötən əsrdə yüz minlərlə soydaşlarımız indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınıb, insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanına çevrilərək amansızcasına qətlə yetirilib, müxtəlif ağır xəsarətlər almış, həmçinin əsir və itkin düşmüş, girov götürülüb.

Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və nifrət siyasəti nəticəsində azərbaycanlıların fundamental insan hüquq və azadlıqları kobud şəkildə pozulub.

Azərbaycan Ombudsmanı Ermənistanın azərbaycanlılara qarşı törətmiş olduğu nifrət cinayətləri və nifrət nitqlərinə dair xüsusi hesabatlar və videomaterial hazırlayaraq aidiyyəti beynəlxalq təşkilatlara təqdim edib.

Beynəlxalq ictimaiyyət indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalmış azərbaycanlıların geri qayıtmaq hüququnun təmini, həmin şəxslərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaradılması istiqamətində zəruri tədbirlər görməli, bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün həmin ölkəyə ciddi təzyiq göstərməlidir", - o qeyd edib.

Mövzuya görə xəbərlər