Bakı. TurkicWorld:
Erməni sapyorlar Tavuş vilayətinin Voskepar kəndində Müqəddəs Tanrı Anası Kilsəsinə bitişik ərazidə minatəmizləmə işlərinə başlayıblar.
TurkicWorld xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycanla yeni sərhəd bu ərazidən keçəcək. Hazırda ərazidə 25-ə yaxın erməni sapyorun işlədiyi bildirilib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.