“Crocus City Hall”dakı terror aktı ilə bağlı bizə heç bir müraciət daxil olmayıb - Azərbaycanın Rusiyadakı səfirliyi

“Crocus City Hall”dakı terror aktı ilə bağlı bizə heç bir müraciət daxil olmayıb - Azərbaycanın Rusiyadakı səfirliyi

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı Azərbaycan vətəndaşları tərəfindən heç bir müraciət daxil olmayıb.

TurkicWorld xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda deyilir.

Bildirilib ki, terror aktının qurbanları haqqında ilk məlumatlar yayılmağa başlayan kimi Səfirlik daxil olan bütün məlumatları diqqətlə izləyib.

"İlkin siyahılarda yer alan Sevinc Rüstəmovanın adı yenilənmiş siyahılarda olmayıb. Lakin ölənlərin siyahısında adı olan 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu, böyük ehtimalla, Rusiya vətəndaşı olan azərbaycanlının adı olub.

Hazırda Azərbaycan Respublikasının Səfirliyi bu məlumatların, o cümlədən, qətlə yetirilən şəxsin meyitinin yeri, habelə mərhumun qohumları və yaxınları haqqında məlumatların dəqiqləşdirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir", - deyə Səfiriyin məlumatında qeyd olunub.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölən 41 nəfərin adı açıqlanıb. Siyahıda adı yer alan 1983-cü il təvəllüdlü Vüqar Hüseynovun azərbaycanlı olması ehtimal edilib.

Xatırladaq ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən, 4 terrorçun saxlanıldığı barədə məlumat verib.

Terror aktında ölənlərin sayı 115 nəfərə çatıb.

İlkin məlumata görə, "Crocus City Hall"da insanların ölüm səbəbləri odlu silahdan açılan atəş və yanma məhsulları ilə zəhərlənmə olub. Terrorçular "Crocus City Hall"da zalı yandırmaq üçün tezalışan mayedən istifadə ediblər.

Terrorçular əvvəlcə hücum zamanı avtomat silahdan istifadə ediblər, silah istintaq əməkdaşları tərəfindən aşkarlanıb.