Azərbaycan və Pakistan XİN başçıları münaqişədən sonrakı regional vəziyyəti müzakirə edib

Azərbaycan və Pakistan XİN başçıları münaqişədən sonrakı regional vəziyyəti müzakirə edib

Bakı. TurkicWorld:

21 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Nüvə Enerjisi Sammiti çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Məhəmməd İşaq Dar ilə görüşüb.

Xarici İşlər Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, görüşdə nazir Azərbaycan və Pakistan arasında qarşılıqlı etimad, həmrəylik və hörmətə əsaslanan ikitərəfli dostluq münasibətlərini, əməkdaşlıq perspektivlərini, bölgədəki cari vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov həmkarını xarici işlər naziri təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb və bu məsuliyyətli vəzifəsində ona uğurlar arzulayıb.

İki ölkə arasında əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bütün istiqamətlərdə ali və yüksək səviyyəli səfərlərin, o cümlədən təmasların əhəmiyyəti vurğulanıb.

Azərbaycan və Pakistan arasında iqtisadiyyat, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın geniş potensialının olduğu diqqətə çatdırılıb.

Görüşdə nazir Ceyhun Bayramov həmkarını BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri, ağıllı şəhər və yaşıl enerji layihələri, davam edən mina təhdidi, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.

Görüşdə nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

xxx

16:38

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində Pakistanın xarici işlər naziri İshaq Darla görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında qeyd edilib.

Tərəflər iqtisadiyyat, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Eyni zamanda, COP29-la əlaqədar hazırlıq işləri və münaqişədən sonrakı regional vəziyyət müzakirə olunub.