İrandan Zəngəzur dəhlizi ilə bağlı növbəti açıqlama

İrandan Zəngəzur dəhlizi ilə bağlı növbəti açıqlama

Bakı. TurkicWorld:

İran İslam Respublikası növbəti dəfə Zəngəzur dəhlizi ilə bağlı mövqelərinin dəyişmədiyini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə İran XİN-nin açıqlamasında qeyd edilib.

"Biz regionda sərhədlərin dəyişdirilməsinə gətirib çıxaran istənilən geosiyasi dəyişikliklərin əleyhinəyik", - deyə əlavə edilib.

44 günlük müharibədən sonra Zəngəzur dəhlizinin açılması gündəm məsələ oldu. Sözügedən dəhliz yalnız Azərbaycan üçün yox, bütün region ölkələri üçün faydalıdır. Buna baxmayaraq, Cənub qonşumuz İran yeni nəqliyyat əlaqəsinin yaradılmasını, regionda sərhəd dəyişdirilməsi kimi qələmə verərək bunu "qırmızı xətt" adlandırır, sərt bəyanatlarla çıxış edir. Bu halda Azərbaycanın qonşu İrana ünvanlayacağı sual bəllidir. 30 il boyunca Ermənistanın işğalçı siyasətilə Azərbaycanın sərhədlərinin dəyişdirilməsinə səssiz, izləyici qalan İran "qırmızı xətt"lərini indi xatırlayıb? İşğal dövründə nəinki işğalçı dövlətə qarşı bəyanat verməyən, heç bir fikir belə ifadə etməyən qonşu dövlət indi niyə region sərhədləri üçün narahatlıq keçirir? Bu suallar İkinci Qarabağ müharibəsindən bəri verilir. Lakin daşdan səs çıxır, Cənub qonşumuzdan yox.

Xatırladaq ki, 10 noyabr 2020-ci ilə tarixində imzalanan Üçtərəfli Bəyanata əsasən tərəflərin (Azərbaycan, Ermənistan, Rusiya) razılığına əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin edilməlidir.