Parlament diplomatiyasının rolu getdikcə artır - TÜRKPA Baş katibi

Parlament diplomatiyasının rolu getdikcə artır - TÜRKPA Baş katibi

Bakı. TurkicWorld:

Çevik mexanizm kimi parlament diplomatiyasının təqdim etdiyi imkanlar dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin xüsusi rolunu və çəkisini şərtləndirir.

TurkicWorld xəbər verir ki, bunu TÜRKPA Baş katibi Mehmet Süreyya Erin Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və parlamentarizm" mövzusunda konfransda çıxışı zamanı deyib.

Baş katib bildirib ki, parlament diplomatiyasının getdikcə artan rol oynadığı çağdaş dövrümüzdə səmərəli fəaliyyət göstərən güclü parlamentlərin mövcudluğu mühüm zərurətdir.

"Ölkə daxilində və beynəlxalq əməkdaşlıq sahəsində məhsuldar fəaliyyəti həyata keçirən Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyev ideallarına söykənən müasir Azərbaycan parlamentarizminin inkişaf yolunda inamla addımlayır", deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və parlamentarizm" mövzusunda konfrans keçirilir. Konfrans ikinci mövzusu TÜRKPA-nın 15-ci ildönümü ilə bağlıdır. Belə ki, ikinci mövzu "TÜRKPA-nın 15-ci ildönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək perspektivləri"nə həsr edilib.