Azad edilmiş ərazilərdə bərpa işləri Azərbaycanın çiçəklənməsinin yeni dövrünə çevriləcək - Fələstin səfiri

Azad edilmiş ərazilərdə bərpa işləri Azərbaycanın çiçəklənməsinin yeni dövrünə çevriləcək - Fələstin səfiri

Azad edilmiş ərazilərdə bərpa işləri Azərbaycanın çiçəklənməsinin yeni dövrünə çevriləcək.

TurkicWorld-un məlumatına görə, bunu Fələstinin Azərbaycandakı səfiri Nəsir Əbdül Kərim şənbə günü diplomatik korpusun nümayəndələri ilə birgə Suqovuşan və Talış kəndlərinə səfəri zamanı deyib.

O bildirib ki, burada sürətlə aparılan bərpa işləri adamı heyrətləndirir: "İlk növbədə, bir insan, müsəlman və Fələstin vətəndaşı olaraq şadam ki, müharibədən sonrakı dövr bu regionda sülhün başlanğıcı olacaq. Ümid edirəm ki, bu, Azərbaycanın, Azərbaycan xalqının və bütün regionun fasiləsiz çiçəklənməsinin yeni dövrünə çevriləcək".

Xatırladaq ki, oktyabrın 16-da diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil olunub. Səfərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Bu, diplomatik korpus nümayəndələrinin azad olunmuş ərazilərə sayca 7-ci səfəridir. Budəfəki səfərdə məqsəd azad olunmuş ərazilərdə Ermənistanın törətdiyi dağıntılarla yanaşı, aparılan quruculuq işləri ilə tanışlıqdır.