Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir - Əli Əsədov

Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir - Əli Əsədov

Bakı. TurkicWorld:

Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, eləcə də Cənub Qaz Dəhlizi bu baxımdan strateji layihələr hesab edilir.

TurkicWorld xəbər verir ki, bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisidə 4-cü İpək Yolu Beynəlxalq Forumundakı çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Azərbaycan qazının Avropaya birbaşa nəql edilməsinə imkan yaradıb. Ötən ilin iyul ayında Azərbaycan ilə Avropa Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb və sənədə əsasən, 2027-ci ilə qədər Azərbaycandan təbii qazın təchizat həcmi iki dəfə artırılacaq.

"Bu gün biz birlikdə Avropaya yaşıl enerji körpüsünü salmağa başlayırıq. Bununla bağlı ötən ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Artıq Bolqarıstan da layihəyə qoşulmaq niyyətini ifadə edib. Ümidvarıq ki, bu layihə bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə əlavə töhfə verəcək", - deyə Baş nazir vurğulayıb.