Bakı. TurkicWorld:
Daima Ermənistanın Azərbaycana qarşı ədalətsiz siyasətini dəstəkləyən ölkələrə qarşı çıxış edirəm.
TurkicWorld xəbər verir ki, bunu jurnalistlərə Efiopiyanın nümayəndəsi Fekadu Demisse deyib.
"Mən daima Azərbaycana qarşı Ermənistanı dəstəkləyən ölkələrin ədalətsizliyinə və qərəzliliyinə qarşı çıxış edirəm. Bu cür praktikalara qəti narazılığımı bildirirəm", - deyə Demisse vurğulayıb.
O, həmçinin, Qərb ölkələrinin post-müstəmləkə ölkələrinə qarşı siyasətinin ədalətsiz olduğunu qeyd edib.
"Qərbin öz maraqları var və adətən, onları prioritet olaraq müəyyən edir. Lakin ikili standartlar tətbiq etmədən, universal prinsiplərə riayət etməyin üsulu olmalıdır. Bu, söhbətin hansı ölkədən və birlikdən getməsindən asılı olmayaraq, norma olmalıdır. Balans, tənzimləmə və adaptasiya - daha müasir və davamlı cəmiyyətin və ya birliyin yaradılmasının açarı bax budur", - deyə Demisse əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
(Tərcümə: Rəna Əbdürəhmanova)