Nikol Paşinyan imzasına hörmət etməlidir - Türkiyəli general

Nikol Paşinyan imzasına hörmət etməlidir - Türkiyəli general

Bakı. TurkicWorld:

Ermənistan baş naziri Nikol Paşinyan ötən gün Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi fikirlərlə yeni yazdığı teatr oyunun bir səhnəsini canlandırdı.

Bunu TurkicWorld-ə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

O qeyd edib ki, Ermənistan bu cür əsassız, yalan ittihamlarla Avropanı Azərbaycana qarşı qoymağa çalışır.

"Eyni zamanda, sülh istədiyini deyir. Bu cür səmimiyyətsiz, ikiüzlü, öz ölkəsinin maraqları naminə yox, başqalarının siyasi əməlləri üçün fəaliyyət göstərən Ermənistanla sülh üçün bir masaya oturmağın mənası yoxdur. Çünki onların dedikləri bir-biri ilə uyğunlaşmır. Səmimi və dürüst deyillər və güvən vermirlər", - deyə o vurğulayıb.

Y.Karauz bildirib ki, Ermənistan ilk olaraq imzalanan Üçtərəfli bəyanata riayət etməlidir.

"İmza bir dövlətin ləyaqət və şərəfidir. Azərbaycan Prezidenti İlham Əliyevin sözü imzasıdır. Bir tərəfdə sözü imzası olan dövlət, digər tərəfdə daima yalan deyən bir dövlət var. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, bayrağını dalğalandırdı. İndi əsas Ermənistan düşünməlidir. Sülh müqaviləsi üçün can atmalıdır. Amma görünən odur ki, hələ də ağıllanmırlar və tarixdən dərs çıxarmırlar. Bu cür davranışlar Ermənistanı məhvə sürükləyir", - deyə Y.Karauz əlavə edib.

Xatırladaq ki, oktyabr 17-də Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat, növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi.