Azərbaycanın hərbi uğuru diplomatik zəfərlə davam edir - Yücel Karauz

Azərbaycanın hərbi uğuru diplomatik zəfərlə davam edir - Yücel Karauz

Bakı. TurkicWorld:

Qarabağda ədalət 31 il sonra bərpa olundu. Hərbi zəfərlər siyasi zəfərlərlə davam etməsə, yarım qalar.

Bunu TurkicWorld-ə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

O qeyd edib ki, bunun dünyada bir çox nümunəsi var.

"Müharibədə qazana bilərsiniz,lakin diplomatik uğur əldə etmədiyiniz halda bunun bir mənası qalmaz. Dünən Qarabağdakı qondarma rejim özünün buraxıldığını elan etdi. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Qarabağdakı separatçılara, qanunsuz erməni silahlı birləşmələrinə tərksilah olmasını deyirdi. Lakin onlar bunu etmədi. Unutdular ki, Azərbaycanın da səbrinin hüdudu var. Nəticə etibarilə Vətən müharibəsindən sonra Azərbaycan lokal antiterror tədbirləri keçirməklə, daha bir zəfər əldə edərək, suverenliyini bərpa etdi.

Bununla yanaşı, Azərbaycanın torpaqlarında oturaraq, Azərbaycana qarşı cinayət törədən şəxslər də cəzasız qalmır və qalmayacaq da. Sentyabrın 27-də separatçı Ruben Vardanyanın “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılması bunun göstəricisidir.

Azərbaycan Prezidentinin İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Ordusunun gücü nəticəsində hərbi zəfər diplomatik zəfərlə tamamlandı. Artıq bütün dünya bir daha agah oldu ki, Qarabağ Azərbaycandır. Bu danılmaz bir reallıqdır", - deyə Y.Karauz əlavə edib.

Xatırladaq ki, ötən gün Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Daha öncə isə sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.