Azərbaycan sivil əhaliyə davranışı ilə bütün dünyaya humanistlik dərsi verdi - Türkiyəli general

Azərbaycan sivil əhaliyə davranışı ilə bütün dünyaya humanistlik dərsi verdi - Türkiyəli general

Bakı. TurkicWorld:

Türkiyə və Azərbaycan Ermənistana 3 ildir ki, sülh əlini uzadır. Ermənistana bununla bağlı son çağırışı isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda səfərdə olarkən dilə gətirdi.

Bu barədə TurkicWorld-ə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

"Amma bu illər ərzində Ermənistan heç bir addım atmadı. Türkiyə də sülhə töhfə vermək üçün konstruktiv şəkildə üzərinə düşəni edir. Ermənistan üç il ərzində iki dəfə ağ bayraq qaldırmasına rəğmən dərs çıxarmadı. Azərbaycan lokal antiterror tədbirləri aparmalı oldu. Bu tədbirlər zamanı da Azərbaycan sivil əhaliyə davranış qaydası ilə bütün dünyaya humanistlik dərsi verdi. Ermənistan səmimi addımlar atmır", - deyə o əlavə edib.

Y.Karauz bildirib ki, bütün bunlardan əlavə olaraq müsbət proseslər də olur.

" Regionda olan qanunsuz erməni silahlı birləşmələrin silahlarını təhvil verməsi, Qarabağın erməniəsilli vətəndaşları ilə görüşlərin keçirilməsi pozitiv hadisələrdir. Əgər bir dövlət iki dəfə ağ bayraq qaldırıbsa, vəziyyəti dəyərləndirməli və başqalarının regiondakı mənfəətlərinə özünü alət etməməlidir", - deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri və separatçılar ağ bayraq qaldıraraq təslim olublar. Şərtlərə əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.