Ermənistan hələ də Azərbaycana qarşı mina terroruna davam edir - Türkiyəli general

Ermənistan hələ də Azərbaycana qarşı mina terroruna davam edir - Türkiyəli general

Bakı. TurkicWorld:

Ermənistan hələ də Azərbaycana qarşı mina terroruna davam edir.

Bu barədə TurkicWorld-ə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

O qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa zidd olaraq mina xəritələrini Azərbaycana vermir.

"Bununla yanaşı, ərazilərdə yeni minalar basdırmağa davam edir. Bu, beynəlxalq hüquqa ziddir və cinayətdir. Beynəlxalq görüşlərdə dilə gətirilməsinə rəğmən, Ermənistan daha öncə basdırdıqları minaların xəritələrini Azərbaycana vermir.

Ermənistan hələ də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə belə mina basıdrmağa davam edir. Vətən müharibəsi bitəndən bəri neçə insan mina terrorunun qurbanı olub. Bu mina terroru davam edərkən sülhdən, insan haqlarından danışan Qərbdən heç bir səs çıxmadı. Mina xəritələrinin Azərbaycana verilməsi istiqamətində heç bir təzyiq göstərilmədi. Mina terrorunu törədənlər mühakimə edilməli və cəzasız qalmamalıdır", - deyə Y.Karauz bildirib.

Qeyd edək ki, sentyabrın 19-da səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan "Howo" markalı yük maşını tank əleyhinə minaya düşüb. Nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar. Eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı - 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində - Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həlak olublar.