İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Füzulidə birgə faktaraşdırıcı missiya həyata keçirib

İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Füzulidə birgə faktaraşdırıcı missiya həyata keçirib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Füzulidə Ombudsman Aparatının əməkdaşları ilə birgə faktaraşdırıcı missiya həyata keçirib.

TurkicWorld xəbər verir ki, faktaraşdırıcı missiyanın əsas məqsədi işğaldan azad edilmiş və raket hücumlarına məruz qalmış Azərbaycan ərazilərində dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsidir.

Nümayəndə heyəti Füzulidə Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirib. Qaraxanbəyli məzarlıqları, Merdinli məscidi, eyni zamanda, şəhərin tarixi mərkəzində dağıntılara məruz qalmış sosial və mədəni obyektlərin yerində monitorinqi aparılıb.
Qonaqlar, həmçinin Füzuli Hava Limanı, Füzuli şəhərindəki yeni yaşayış məhəlləsi və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə də olublar.

Nümayəndə heyəti Ermənistanın işğalı nəticəsində zərərçəkmiş Füzuli şəhərinin sakinləri ilə görüşüb, Birinci və İkinci Qarabağ müharibəsi dövründə mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətləri barədə məlumatlandırılıb.