İƏT MDİHK nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb

İƏT MDİHK nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb

Bakı. TurkicWorld:

Ombudsman və İƏT MDİHK nümayəndə heyəti ilk olaraq işğaldan azad edilmiş Füzuli şəhərinə səfər ediblər.

TurkicWorld-in Qarabağ bürosu xəbər verir ki, səfərdə Ombudsman aparatının əməkdaşları və ölkəmizə səfər edən İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) nümayəndə heyəti iştirak edir. Səfər zamanı işğaldan azad edilmiş Füzuli rayonunda dağıdılmış dini obyektlərin və qəbiristanlıqların monitorinqi, yenidənqurma işləri ilə tanış olacaqlar və keçmiş məcburi köçkünlərlə görüş keçirilməsi nəzərdə tutulub.

Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Faktaraşdırıcı missiya həyata keçirəcək İƏT MDİHK nümayəndə heyətinin üzvləri İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə) İƏT MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamaradır (Qvineya).

Qeyd edək ki, sentyabrın 6-na kimi ölkəmizdə səfərdə olacaq nümayəndə heyəti Ağdam, Füzuli rayonlarında və Gəncə şəhərində faktaraşdırıcı missiya keçirəcəklər