Ukraynalı uşaqların Şamaxıya ekskursiyası baş tutub

Ukraynalı uşaqların Şamaxıya ekskursiyası baş tutub

Bakı. TurkicWorld:

Ukraynalı uşaqların Şamaxıya ekskursiyası baş tutub.

TurkicWorld xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşağın Şamaxıya ekskursiyası həyata keçirilib.

Ukraynalı uşaqlar ölkəmizin səfalı guşələrindən olan Şamaxıda həm təbiət gözəllikləri ilə tanış olublar, həm də Safari Parka səfər ediblər.

Qonaqlara Şamaxının tarixi, abidələri, zəngin təbiəti, qədimliyi və müasirliyi özündə əks etdirən adət-ənənələri barədə məlumat verilib.

Şamaxıda olduqları müddətdə özlərini rahat, təhlükəsiz, gümrah və xoşbəxt hiss etdiklərini deyən uşaqlar, yaradılan şəraitə görə Azərbaycana təşəkkür ediblər.

Qeyd edək ki, 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar paytaxtla yanaşı, bölgələrə də səfər edərək ölkəmizlə tanış olurlar. Şamaxıdan öncə onlar İsmayıllı, Qəbələ və Şəkiyə ekskursiya ediblər.

Proses uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsi məqsədilə həyata keçirilir. Onlar düşərgə müddətində art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Eləcə də psixososial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak edirlər. Düşərgənin növbəti günləri Bakı şəhərində davam etdiriləcək.