Bakı. TurkicWorld:
Azərbaycan -Türkiyə birliyi regionda real güc amilidir və bu baxımdan Ərdoğanın seçkilərdən sonra Azərbaycana rəsmi dövlət səfəri etməsi, bundan sonrakı mərhələdə münasibətlərin, əməkdaşlığın daha dinamik inkişafına təkan verəcəkdir.
Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə qardaş ölkənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi dövlət səfərinə gəlib. Bu Ərdoğanın Azərbaycana Türkiyədə keçirilən prezident seçkilərindən sonra ilk səfəridir. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə münasibətlərində Prezident seçkilərindən sonra ilk qarşılıqlı səfərlərin edilməsi ənənəsi artıq formalaşıb. Bu baxımdan cənab Ərdoğanın Azərbaycana səfəri olduqca əhəmiyyətlidir. Azərbaycan-Türkiyə münasibətləri Ərdoğanın rəhbərliyi dövründə özünün xüsusi inkişaf mərhələsini yaşadı. 2021-ci il 15 iyun tarixində Türkiyə və Azəbaycan münasibətlərini özündə ehtiva edən "Şuşa Bəyannaməsi" imzalandı. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan-Türkiyə münasibətləri dünyanın digər ölkələri arasında səmimi dostluq-qardaşlıq əlaqələri qurmaq üçün bir örnəkdir",- deyə deputat qeyd edib.
Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan-Türkiyə birliyi regionda real güc amilidir və bu baxımdan Ərdoğanın seçkilərdən sonra Azərbaycana rəsmi dövlət səfəri etməsi, bundan sonrakı mərhələdə münasibətlərin, əməkdaşlığın daha dinamik inkişafına təkan verəcəkdir.
"Qeyd etmək lazımdır ki, Cənubi Qafqaz regionunda həyata keçirilən çox mühüm nəqliyyat və enerji layihələrində Azərbaycan-Türkiyə işbirliyi də həlledici amil rolunda çıxış etməkdədir. Bu baxımdan regionun nəqliyyat xəritələrinin dəyişmə perspektivlərinin kifayət qədər real olduğu bir dövrdə Azərbaycan və Türkiyə arasında ikili münasibətlərin xarakteri bütövlükdə həm regionun təhlükəsizliyi, həm də əməkdaşlığı mühitini əhəmiyyətli dərəcədə etibarlı və səmərəli etməkdədir. Hesab edirəm ki, bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərinin və əməkdaşlığının müsbət xarakterini ifadə edən azsaylı məqamlardandır",- deyə Milli Məclisin deputatı vurğulayıb.
Elşad Mirbəşiroğlu əlavə edib ki, Azərbaycan və Türkiyənin həm siyasi münasibətləri, həm iqtisadi əməkdaşlığı bütün həyat fəaliyyəti istiqamətlərini əhatə etməkdədir. Ərdoğanın Türkiyə Cümhuriyyətinin prezidenti kimi yeni səlahiyyətləri müddətində Azərbaycan-Türkiyə münasibətləri dinamik inkişafını davam etdirəcək.
Twitter: a_alieva_







