Bakı. TurkicWorld:
Perunun ən nüfuzlu qəzetlərindən olan "El Comercio"-da Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun "Yalanlar etimad və sülhə yardım edə bilməz" adlı erməni yalanlarını tam ifşa edən ətraflı məqaləsi dərc edilib.
TurkicWorld xəbər verir ki, Erməni səfirinin həmin nəşrə verdiyi müsahibəsindəki iftira və yalanlarına cavab olaraq qələmə alınmış məqalədə regionun tarixi və burada cərəyan edən hadisələr barədə ətraflı məlumat verilib, Azərbaycanın əzəli torpağı olan Qarabağın beynəlxalq ictimaiyyət, o cümlədən Peru tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanındığı, bundan əlavə Zəngəzur, Basarkeçər, Göyçə kimi tarixən azərbaycanlıların yaşadığı ərazilərdə onillərdi ki milli mədəni irsimizin məqsədyönlü şəkildə dağıdılıb silinməsi, Azərbaycan toponimlərinin erməniləşdirilməsi oxucuların diqqətinə çatdırılıb.
Həmçinin, məqalədə Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam etmiş təcavüzü, işğalçı siyasətinin ağır nəticələri, Ermənistan tərəfindən törədilmiş soyqırımı, çoxsaylı dəhşətli müharibə cinayətləri, həyata keçirdikləri etnik təmizləmələr barədə geniş məlumat yer alıb. Azərbaycana və qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyən ermənilərin insanlığa qarşı bu amansız cinayətləri törətdikləri halda özlərini belə əməllərin qurbanı kimi qələmə verməklə təcavüzkar siyasətlərinə bəraət qazandırmağa cəhd etdikləri vurğulanıb.
Eyni zamanda, Azərbaycanın erməni terrorunun ağır fəsadları ilə qarşılaşmasına baxmayaraq, keçdiyi uğurlu siyasi-iqtisadi inkişaf yoluna nəzər salınıb, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib. Burada ən böyük çətinliklərdən birinin erməni təcavüzkarları tərəfindən həmin torpaqlarda işğal zamanı yüzminlərlə minaların basdırılması və bunun yüzlərlə həmvətənimizin həyatlarını itirmələrinə səbəb olduğu bildirilib.
Monoetnik Ermənistandan fərqli olaraq, tarixən multikulturalizm dəyərlərinə səmimi bağlılığı ilə seçilən Azərbaycanda müxtəlif xalqlara və dinlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində yaşadığı bildirilib.
Yazıda Laçın yolunun bağlanması və erməni sakinlərin guya "blokada"ya alınması ilə bağlı erməni yalanlarına aydınlıq gətirən səfir M.Talıbov, bu iddiaların tamamilə əsassız olduğunu faktlarla sübut edib və nəqliyyat vasitələrinin sərbəst şəkildə yoldan istifadə etdiyi barədə məlumat verib. Qeyd olunub ki, Ermənistandan Azərbaycan ərazisinə qeyri-qanuni silah, sursat və erməni hərbçi heyətinin daşınmasının qarşısını almaq məqsədilə Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi təsis edib və həmin məntəqənin fəaliyyətindən, onun beynəlxalq sərhəddə şəffaflıq və burada sülh və sabitliyə xidmət etdiyindən bəhs edilib.
Məqalədə, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi və sülh sazişi üzrə danışıqlar barədə ətraflı məlumat verilib, sülh yolunun Azərbaycanın təklif etdiyi 5 əsas prinsip əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası, regiondakı kommunikasıyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması, Ermənistanın isə ərazi iddialarından əl çəkməsi olduğu vurğulanıb.