Prezident İlham Əliyev Salome Zurabişvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Salome Zurabişvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə təbrik məktubu göndərib.

TurkicWorld-un məlumatına görə, məktubda deyilir:

-Hörmətli xanım Prezident,

26 May – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Əsrlər boyu dostluq, mehriban qonşuluq və harmoniya şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı dəstək və etimad, sıx əməkdaşlıq, birgə həyata keçirdiyimiz irimiqyaslı regional layihələr strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi şərtləndirən başlıca amillərdəndir.

Bu gün ölkələrimizin rifahına və regionumuzun çiçəklənməsinə xidmət edəcək qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı və yeni məzmunla zənginləşməsi, tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkanlar vardır.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə Azərbaycan-Gürcüstan ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da genişlənməsinə nail olacağıq.

Belə bir əlamətdar bayramda Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.