Son dəqiqə

erməni terroru Ermənistan

Azərbaycan terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə edib - Deputat

Bakı. TurkicWorld:

Azərbaycan terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutub.

Bunu TurkicWorld-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O qeyd edib ki, müasir dövrümüzdə beynəlxalq münasibətlərin normal gedişinə təhlükə yaradan, kütləvi insan ölümlərinə səbəb olan və bütün dünyanın diqqət mərkəzində olan qorxulu problemlərdən biri də terrorizmdir.

"Məlumdur ki, BMT Təhlükəsizlik Şurası antiterrorizm üzrə əməli tədbirlərin həyata keçirilməsi ilə bağlı bir sıra qətnamələr qəbul etmiş və BMT-nin Əks-Terrorçuluq üzrə Komitəsi yaradılmışdır. Lakin təəssüflə qeyd edirəm ki, qlobal səviyyədə görülmüş tədbirlərə baxmayaraq, bir sıra ölkələrdə həyata keçirilmiş terror aksiyaları antiterror fəaliyyətinin o qədər də səmərəli getmədiyini göstərir. Elə bunun ən bariz nümunəsi Azərbaycanın erməni terroru ilə üzləşməsi və uzun illərdir bundan əziyyət çəkməsidir. Təkcə 20-ci əsrdə ermənilər Azərbaycan xalqına qarşı iki dəhşətli soyqırım törətmişdir. 1918-ci il mart soyqırımı və 1992-ci il Xocalı soyqırımı erməni vəhşiliyinin bariz sübutudur", - deyə deputat bildirib.

O qeyd edib ki, bu soyqırımlar zamanı erməni terroristlərinin minlərlə günahsız uşaq, qadın və ahıl insanları öldürməsi təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı dəhşətli bir cinayətdir.

"Cənubi Qafqazda terrora ən çox məruz qalan respublikalardan biri məhz Azərbaycandır. Erməni terror təşkilatlarının bir-birinin ardınca törətdikləri terror aktları zamanı uşaqdan tutmuş ahıl insanlara, hətta hamilə qadınlara qədər xeyli sayda soydaşımız erməni vandalizminin qurbanına çevrilib. Ümumiyyətlə, Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 50-dan çox terror aktı həyata keçirilib, nəticədə minlərlə soydaşımız qətlə yetirilib, çox sayda günahsız insan ömürlük şikəst olub.

Terrorizmlə mübarizə daim beynəlxalq birliyin diqqət mərkəzində saxladığı məsələ olub. Çünki dünya ictimaiyyətinə də bəllidir ki, heç bir ölkə terrordan yan keçə bilmir. Bunu dünyanın ən qüdrətli ölkələrində baş vermiş terror aktları da təsdiqləyir. Məhz buna görə də BMT və digər beynəlxalq qurumlar, eləcə də regional təşkilatlar – İnterpol, ATƏT, NATO, MDB, Ərəb Dövlətləri Liqası və digərləri beynəlxalq terrorizmə qarşı mübarizədə iştirak edirlər. Təəssüf ki, nə beynəlxalq təşkilatlar, nə də dünyanın inkişaf etmiş dövlətləri Ermənistanda yuva salmış terror təşkilatlarının azərbaycanlılara qarşı törətdikləri terror aktlarına bu günə qədər ciddi münasibət bildiriblər. Dövlətimiz daim beynəlxalq antiterror əməliyyatlarında iştirak edib, terorrizmlə mübarizədə öz töhfəsini əsirgəməsə də Azərbaycanın qarşılaşdığı terrorizm aktına dünya birlikləri layiqli cavabını verməməklə bu sahədəki mübarizələrindəki absurdluğu nümayiş etdiriblər", - deyə deputat əlavə edib.

Mövzuya görə xəbərlər