Bakı, TurkicWorld:
Ermənistanın havadarları-Rusiya və Fransa Azərbaycanla sülh müqaviləsinin imzalanmasını əngəlləyir, bu sözləri TurkicWorld-a özəl açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.
“Təəssüflər olsun ki, Azərbaycanın konstruktiv mövqeyi həmişə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə toqquşur və nəticə etibarilə iki xalq arasında münasibətlərin düzəldilməsi, tənzimlənməsi başa çatdırıla bilmir. İki ölkə arasında sülhün təmin edilməməsinin əsas səbəbkarı əlbəttə ki, Azərbaycan deyil. Azərbaycan müharibə bitəndən dərhal sonra Qarabağdakı ermənilərin bizim vətəndaşlarımız olduqlarını bəyan edib. Azərbaycan dövləti onlarla bağlı bütün qayğıları öz üzərinə götürür və eyni zamanda Azərbaycan Ermənistana ilkin şərt olaraq təklif edir ki, hər hansı detallara girmədən hər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etsin və bu kontekstdə də sülh müqaviləsi bağlansın. Təəssüflər olsun ki, ötən iki il yarım müddət ərzində Ermənistan tərəfi bu təklifə yaxın durmayıb, sülh müqaviləsinin bağlanması üçün atılan addımlara uyğun cavab verməyib və indi də bu müzakirələr davam edir”, - deyə siyasi şərhçi əlavə edib.
Onun sözlərinə görə, bu müzakirələr davam etdikcə istər Qarabağdakı ermənilər, istərsə də Ermənistanda yaşayan ermənilər əziyyət çəkir.
"Nikol Paşinyanın bu sülh müqaviləsinə razı olmamasının başlıca səbəbi əlbəttə ki, Rusiya və Fransadır. Bu iki dövlət faktiki olaraq iki xalq arasında sülh müqaviləsinin bağlanmasına əngəl olur. Rusiya Qarabağa müvəqqəti yerləşdirilmiş sülhməramlı missiyası vasitəsilə təxribatlar törədir, atəş açılmasına, qarşıdurmalar yaradılmasına imkan verir. Digər tərəfdən də Fransa Paşinyana basqı edərək onun sülh müqaviləsi imzalamasının qarşısını alır", - deyə A.Həsrət vurğulayıb.
A.Həsrət onu da qeyd edib ki, Ermənistan Baş naziri əlbəttə ki, bu məsələni çoxda uzatmaqda maraqlı deyil, sadəcə olaraq basqı altında olduğuna görə məcburiyyət qarşısında bunu etməli olur.
Ləman Əsədli
Twitter: lamanasadli01







