İsrail illərdir qanunu pozur - Türkiyə XİN

İsrail illərdir qanunu pozur - Türkiyə XİN

Bakı. TurkicWorld:

İsrail illərdir qanunu pozur.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız Haaqada Türkiyə XİN adından təqdimatda çıxışı zamanı deyib.

"Qaydalara əsaslanan beynəlxalq sistem dağılma mərhələsindədir. Buna səbəb Fələstin xalqına edilən haqsızlıqdır. Hazırda Beynəlxalq Ədalət Məhkəməsində işə baxılır. 1948-ci il soyqırımının qarşısının alınması və cəzalandırılması çərçivəsində iddia edilən pozuntuların mövcud vəziyyəti Şərqi Qüds də daxil olmaqla Fələstin torpaqlarının işğal altında olduğunun mühüm sübutudur", - deyə o vurğulayıb.

Ə.Yıldız onu da qeyd edib ki, Türkiyə bu məsələ ilə bağlı görülən ehtiyat tədbirləri ilə bağlı məhkəmə qərarının tam icra olunmasını istəyir.

"Eynilə, BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qəbul etdiyi bir çox qərarlara baxmayaraq, işğal olunmuş ərazilərdə vəziyyət heç vaxt yaxşılaşmayıb. İsrail qeyri-qanuni birtərəfli hərəkətlərini davam etdiribvə BMT qətnamələrinə məhəl qoymayıb. Qeyri-qanuni məskunlaşma fəaliyyəti genişlənməkdə davam edib və hazırda Şərqi Qüds də daxil olmaqla, Fələstinin işğal olunmuş ərazilərində daimi sülhün bərqərar olmasına ciddi zərbə vurur. Bu yaşayış məntəqələri ilə bağlı İsrail bölgədə tutduğu torpaqların əhali strukturunu dəyişir. Fələstinlilərin evlərini sökür, digər tərəfdən isə İsrail təhlükəsizlik qüvvələrinin himayəsi altında yeni məskunlaşan yəhudilər üçün tikinti davam edir", - deyə o əlavə edib.

Türkiyə XİN müavini onu da bildirib ki, İsrail-Fələstin münaqişəsinin ən mühüm elementlərindən biri müqəddəs yerlərin statusunun müəyyən edilməsi və qorunmasıdır.

Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01