Son dəqiqə

Azərbaycan Türkiyə Ermənistan Mehmet Yüce

Ermənistan Beynəlxalq Olimpiya Komitəsi tərəfindən cəzalandırılmalıdır - Mehmet Yüce

Bakı. TurkicWorld:

Ermənistanın beynəlxalq hüququn pozulması və insan ləyaqətinə sığmayan hərəkətlərlə bağlı keçmişi çox kirlidir. Ermənistan yarandığı gündən sivil ölkə kimi davranmaqdansa, terrorçu dövlət kimi davranmağa üstünlük verən ölkədir. Onun hər bir fəaliyyətində bu davranış nümunəsini görmək mümkündür.

TurkicWorld xəbər verir ki, bunu bu gün Trend-ə açıqlamasında UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Prof. Dr. Mehmet Yüce deyib.

"Bu da təbii olaraq insan hüquqlarının pozulması ilə nəticələnir. Məsələn, İkinci Qarabağ Müharibəsində Ermənistan tərəfindən bir çox humanitar hüquq pozuntuları törədilib. Son günlərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində Ermənistanla sərhəd bölgəsində əlverişsiz hava şəraiti səbəbindən itkin düşən iki əsgərə ermənilər tərəfindən göstərilən davranışla bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan görüntülər insan ləyaqətinin, hətta qanunun da tapdalandığını əyani şəkildə göstərir. Bu o deməkdir ki, işgəncə və insan ləyaqətinin pozulması Ermənistanın qəbul etdiyi sistemli davranışdır. Bu davranış qarşısında hüquq müdafiəçilərinin susması da düşündürücüdür. Ermənistan bu əməlləri ilə açıq-aşkar beynəlxalq hüquqa zidd cinayət törədir və törətməkdə davam edir", - deyə o bildirib.

M.Yüce qeyd edib ki, ikinci hadisə İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandalının Azərbaycan bayrağını zorla alaraq yandırması olub.

"Bu hadisə beynəlxalq qalmaqaldır və olimpiya ruhuna zidd hərəkətdir. Bu, eyni zamanda, yarışın ədalətli oyun şəraitində keçirilməsi və idmançıların təhlükəsizliyinin qorunması vəzifəsini öz üzərinə götürmüş ev sahibi ölkənin üzərinə düşən vəzifəni yerinə yetirməməsi deməkdir. Bu, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən cəzalandırılmalı olan bir hərəkətdir. Bundan başqa, Azərbaycan bayrağının yandırılmasına göz yuman təhlükəsizlik qüvvələri də cinayət törədiblər. Halbuki hər bir xalq özünə yaraşanı edir. Ermənistan da öz işini görüb. Bir millətin davranışı o xalqın milli xarakterinin göstəricisidir", -deyə o əlavə edib.

Mövzuya görə xəbərlər