Biz Şuşanın gözəlliyi və zəngin tarixi barədə bütün dünyada danışmağı qarşımıza məqsəd qoymuşuq - Bilal Çakıcı

Biz Şuşanın gözəlliyi və zəngin tarixi barədə bütün dünyada danışmağı qarşımıza məqsəd qoymuşuq - Bilal Çakıcı

Bakı. TurkicWorld:

TÜRKSOY-un Şuşada iclasının keçirilməsi doğru qərardır

TurkicWorld-un məlumatına görə, Trend-in Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimindən sonra deyib.

"Biz Şuşanın gözəlliyi və zəngin tarixi barədə nəinki türk dünyasında, eləcə də bütün dünyada danışmağı qarşımıza məqsəd qoymuşuq. Bildiyiniz kimi, TÜRKSOY-un Daimi katibiliyinin Bursada keçirilən iclasında Şuşa türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bura gəldiyimiz an başa düşdüm ki, biz necə doğru qərar vermişik. İndi mən iki hiss keçirirəm, bütün dünyada öz şəxsiyyətləri ilə məşhur olan bir şəhərə gəldiyim üçün şadam, digər tərəfdən isə şəhərdə necə bir cinayətkarlığın, vandallığın törədildiyini görmək məni sarsıdıb. Lakin mən qəti şəkildə inanıram ki, şəhərin yenidən qurulması üçün bütün səylər səfərbər olunacaq", - B.Çakıcı deyib.

Qeyd edək ki, aprelin 7-də Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimi keçirilib. Açılış zamanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürülüb.