Bakı, TurkicWorld, Orxan Qədirzadə
Osmanlı dövlətində Ramazan ayı böyük coşqu və mənəvi həyəcanla qarşılanırdı. Hilalın görünməsi xəbəri xüsusi əhəmiyyət daşıyır, onu müjdələyənlərə dövrünün pulu ilə 150 qəpik mükafat verilirdi.
Osmanlı cəmiyyətində Ramazan yalnız dini ibadət ayı deyil, həm də sosial həmrəyliyin, səxavətin və ictimai qaydaların daha da gücləndiyi bir dövr kimi yadda qalıb.
“Ziməm dəftəri” ənənəsi
Ramazan günlərində varlı şəxslər tanımadıqları məhəllələrdəki dükanlara – baqqal və tərəvəz satışı yerlərinə daxil olaraq “Ziməm dəftəri”ni, yəni nisyə borcların qeyd olunduğu dəftəri istərdilər. Onlar təsadüfi səhifələr seçdirərək ümumi borcu hesabladar, “Bunları silin, Allah qəbul etsin” deyib oradan ayrılardılar.
Bu ənənənin əsas xüsusiyyəti anonimlik idi: borcu ödənilən şəxs borcunu kimin bağladığını bilməzdi, eyni zamanda borcu ödəyən də kimə yardım etdiyini öyrənməzdi.
“Üç aylar” və “cərrə çıxmaq” ənənəsi
Osmanlı dövründə mədrəsələrdə yay tətili “Üç aylar” dövrünə təsadüf edirdi. Bu müddətdə seçilmiş tələbələr həm biliklərini möhkəmləndirmək, həm də dini mövzularda xalqı maarifləndirmək üçün imperiyanın müxtəlif bölgələrinə göndərilirdi. Bu proses “cərrə çıxmaq” adlanırdı.
Bu sistem müəyyən mənada müasir ali təhsil müəssisələrindəki təcrübə proqramlarını xatırladırdı.
İftar vaxtı açıq qapılar
Ramazan ayında iftar süfrəsi vermək böyük savab hesab olunurdu. İftar vaxtlarında evlərin qapıları açıq saxlanılırdı ki, yolda qalan və ehtiyacı olan hər kəs istənilən evə daxil olub süfrəyə qoşula bilsin.
İftar üçün gələn şəxsin kim olduğu soruşulmaz, qonaqlıqda tanışlıq şərt sayılmazdı.
“Arifə çiçəyi” və bayram ənənəsi
Osmanlıda bayram xüsusilə uşaqlar üçün xüsusi əhəmiyyət daşıyırdı. Bayram paltarlarını arifə günü geyinib küçədə dolaşan uşaqlara “Arifə çiçəyi” deyilirdi.
Bayram günü sultanın məscidə gəlişi ilə mərasim başlanırdı. Namazdan sonra saraya qayıdan hökmdar əvvəl anasının əlini öpər, daha sonra ailə üzvləri ilə bayramlaşardı. Uşaqlara naxışlı kisələrlə pul paylanması ənənəsi geniş yayılmışdı.
Osmanlı dövründə Ramazan və bayram ənənələri dini ibadətlə yanaşı, sosial həmrəyliyi, yardımlaşmanı və ictimai nizamı möhkəmləndirən mühüm mədəni institut kimi çıxış edirdi. Bu ənənələr bir çox cəhətdən dövrün sosial quruluşunu və dəyərlər sistemini əks etdirirdi.