Bakı, TurkicWorld, Orxan Qədirzadə
İslam qoşunlarının 636-cı ildə qazandığı Qədisiyyə qələbəsi Ramazan ayında müsəlmanların zəfəri ilə nəticələnən ən mühüm tarixi hadisələrdən biridir.
Bu strateji qələbə müsəlmanların qarşısında Şimali İraq və İranın qapılarını açaraq bölgədəki geosiyasi vəziyyəti kökündən dəyişib.
Xəlifə Həzrət Ömər tərəfindən ordu komandanı təyin edilən Səd bin Əbu Vəqqasın rəhbərliyi altında İslam ordusu Sasanilərin ən mühüm sərhəd şəhəri olan Qədisiyyədə həlledici döyüşə girib. Mənbələrdə qoşunların sayı barədə fərqli rəqəmlər göstərilsə də, əsas tədqiqatlar müsəlmanların sayca üstün olan və 30-a yaxın döyüş filinə sahib Sasani ordusuna qarşı manevrlərlə mübarizə apardığını təsdiqləyir. Üç gün davam edən şiddətli döyüşlərin sonunda Sasani baş komandanı Rüstəmin öldürülməsi ilə İran ordusu darmadağın edilib.
Səd bin Əbu Vəqqas səhhətindəki problemlərə rəğmən ordunu yüksək nöqtədən idarə edərək taktiki üstünlüyü qoruya bilib. Suriyadan gələn 6 min nəfərlik əlavə qüvvənin dəstəyi və İslam komandirlərinin hərbi məharəti sayəsində fillərin yaratdığı təhlükə neytrallaşdırılıb. Bu böyük qələbə müsəlmanlara həm mənəvi üstünlük qazandırıb, həm də İslamın şərqə doğru geniş yayılması üçün zəmin hazırlayıb.