Azərbaycanda kəşfiyyat və döyüş PUA-ları istehsal olunub (FOTO)

Azərbaycanda kəşfiyyat və döyüş PUA-ları istehsal olunub (FOTO)

Bakı. TurkicWorld:

Müdafiə Sənayesi Nazirliyi Bakıda keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində kəşfiyyat və döyüş pilotsuz uçuş aparatlarını (PUA) təqdim edib.

TurkicWorld-un məlumatına görə, sərgidə "Turaz" PUA nümayiş etdirilib. Bu aparat həm quru, həm də dəniz üzərində hərəkət etmək iqtidarındadır. Onun uçuşu üçün müvafiq infrastruktur tələb olunmur. PUA üç kilometr yüksəklikdə kəşfiyyat əməliyytaları keçirə bilir, uçuş sürəti 110 kilometr/saat, uçuş müddəti 2-3 saat təşkil edir.

"Zərbə" PUA həm kəşfiyyat apara, həm də zərbələr endirə bilər. PUA-nın səmərəli funksiya radiusu 10-15 kilometr, döyüş başlıqlarının çəkisi 2,5 kiloqram təşkil edir. Aparatın uçuş sürəti 200 kilometr/saata çata bilər.

Sərgidə, həmçinin "Tilt Rotor" pilotsuz uçuş aparatı təqdim olunub. O, həm təchizat, həm də kəşfiyyat funksiyalarını yerinə yetirə bilir. "Tilt Rotor" istənilən səth üzərində uçuş-enişi yerinə yetirə bilər.

Digər təqdim olunan yerli istehsal PUA olan "Ovçu" havadan minalarla zərbələr endirmək üçün nəzərdə tutulub. Aparat bir dəfəyə 7 kiloqram çəkidə dörd mina daşımaq iqtidarındadır. Həmçinin, PUA radiodalğaları qarşısına ala bilir ki, bu da onun düşmən tərəfindən müəyyən olunmasına maneə törədir. PUA-nın uçuş sürəti 70-80 kilometr/saat, uçuş məsafəsi 20 kilometr təşkil edir.