BAKI,TurkicWorld, Orxan Qədirzadə
Rəqəmsal valyutalar yüksək riskli aktivlər kimi tanınır və 2025-ci ilin son rübündə bitkoinin kəskin dalğalanması bu reallığı bir daha ön plana çıxarıb. Oktyabrda qiymət rekord hədlərə – təxminən 126 min dollar səviyyəsinə yüksəldiyi halda, dekabrda 86 min dollardan aşağı enərək ciddi korreksiya mərhələsinə daxil olub.
Analitiklərin qiymətləndirməsinə görə, enişin əsas fonunu iki xətt formalaşdırıb: qlobal likvidliyin azalması və ABŞ Federal Ehtiyat Sisteminin sərt pul-kredit xətti. Qlobal likvidlik genişləndikdə bitkoinin yüksəlişə meylli, likvidlik sıxıldıqda isə zəifləyən dinamika göstərməsi son aylarda daha aydın hiss olunub.
Likvidlik və FED: “riskdən qaçış” mexanizmi işə düşdü
Noyabrın ortalarından etibarən investorların bir hissəsi riskli aktivlərdən “təhlükəsiz limanlara” – qiymətli metallara və yüksək reytinqli dövlət istiqrazlarına yönəlməyə başlayıb. Bu fonda texnoloji səhmlərdə də korreksiya müşahidə edilib və bitkoin, bazarların risk iştahına daha həssas aktiv kimi, maksimumlardan təxminən 35% geri çəkilmə ilə diqqət çəkib.
Sonradan FED nümayəndələrinin faiz dərəcələri ilə bağlı daha yumşaq siqnalları qiyməti qısa müddətə 90–94 min dollar diapazonuna qaytarsa da, alıcılığın dayanıqlı olmaması bazarda “pauza” və gözləmə rejimini gücləndirib.
“Strategy” pauzası və korporativ davranış siqnalı
Dünyanın ən böyük korporativ bitkoin sahiblərindən sayılan Strategy şirkətinin müəyyən dövrdə yeni alış etməməsi də bazar psixologiyasında əlavə siqnal kimi qiymətləndirilib. Şirkətin hesabatlarına görə, 21 dekabr tarixinə bitkoin ehtiyatı 671 268 BTC səviyyəsində qalıb, eyni həftə şirkət 748 milyon dollar cəlb etsə də alış etməyib.
Zərərlər və “ən zəif rüb” riski
Bazar statistikası üzrə, bitkoinin ilin son rübündə mənfi gəlirlilik riski artıb: CryptoQuant analitikləri tələbin zəifləməsini “ayı trendi” mərhələsinə keçid kimi dəyərləndirərək yaxın 3–6 ay üçün qiymətin 70 min dollara, tendensiya davam edərsə 56 min dollara qədər enə biləcəyini istisna etmirlər.
Bununla yanaşı, bəzi analitiklər 2026-cı ilin ilk yarısında 120–170 min dollar diapazonuna qədər bərpa potensialını vurğulayır: əsas şərt FED-in faiz siyasətinin yumşalması və institusional kanalın (o cümlədən ETF-lər) yenidən güclənməsidir.
2026 üçün iki əsas “driver”: FED rəhbərliyi və ABŞ siyasət təqvimi
2026-cı ildə bazarın diqqət mərkəzində qalacaq mövzulardan biri FED rəhbərliyində mümkün dəyişikliklər və faiz dərəcələrinə dair xəttdir. Digər tərəfdən, ABŞ-da siyasi təqvimin (o cümlədən Konqres seçkilərinə yaxın dövrün) iqtisadi stimullar ehtimalını artırması riskli aktivlər üçün əlavə dəstək faktoruna çevrilə bilər.
Eyni zamanda ABŞ-da kripto bazarı üçün tənzimləmə mühitinin aydınlaşması institusional marağı dəstəkləyən amil kimi göstərilir. Məsələn, GENIUS Act 18 iyul 2025-ci ildə qanuna çevrilərək stablecoin tənzimlənməsi üçün çərçivə yaradıb.