Mastercard-ın baş direktoru Azərbaycanla rəqəmsal transformasiya sazişi çərçivəsində əsas prioritetləri açıqlayıb

Mastercard-ın baş direktoru Azərbaycanla rəqəmsal transformasiya sazişi çərçivəsində əsas prioritetləri açıqlayıb

Bakı. TurkicWorld:

Biz Azərbaycan Mərkəzi Bankı ilə imzalanan rəqəmsal transformasiya sazişində göstərilən təşəbbüsləri həyata keçirməyə davam edəcəyik.

TurkicWorld-un məlumatına görə, bu barədə Trend-ə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal deyib.

"Biz Azərbaycanın regionda nağdsız iqtisadiyyatda lider mövqeyinin təmin edilməsinə töhfə vermək niyyətindəyik", - deyə o bildirib.

Baş direktorun sözlərinə görə, Mastercard Azərbaycanda əsas missiyasını müştərilərin, tərəfdaş bankların və ölkədəki bütün maraqlı tərəflərin xeyrinə nağdsız ödənişlərin payını artırmaqda görür.

A.Gürdal qeyd edib ki, Mastercard, həmçinin müştərilərin təmassız kartlarından pul almaq üçün satıcıların mobil telefonlarını və ya planşetlərini dərhal satış nöqtələrinə (POS-terminal) çevirən “Tap on Phone” texnologiyasına diqqət yetirəcək:

"Dünyada milyardlarla kart, bank və rəqəmsal hesablar vasitəsilə təhlükəsiz və demək olar ki, real vaxt rejimində köçürmələri təmin edərək ödəniş platformamızın aktiv təşviqi davam edəcək".

Xatırladaq ki, MasterCard və Azərbaycan Mərkəzi Bankı arasında rəqəmsal transformasiya sahəsində beşillik tərəfdaşlıq haqqında saziş imzalanıb və bu müqavilə çərçivəsində nağdsız ödənişlərin maksimallaşdırılması üzrə işlər aparılır.