Fransa mediası Alban Həvari kilsəsi haqqında məqalə dərc edib

Fransa mediası Alban Həvari kilsəsi haqqında məqalə dərc edib

Bakı.TurkicWorld

TurkicWorld xəbər verir ki, Fransanın “musulmansenfrance.fr” xəbər portalı Azərbaycanlı Tarix elmlər doktoru Həcər Verdiyevanın Alban Həvari kilsəsi haqqındakı məqaləsini dərc edib.

Müəllif qeyd edir ki, Azərbaycan tarixinin qədim dövr və erkən orta əsrlər mədəniyyətinin daşıyıcısı Alban həvari kilsəsi Qafqazın ən qədim kilsələrindəndir. Eramızın I əsrində Fələstin torpaqlarında yaranmış səmavi dinlərdən olan xristianlığı Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyasında həvari Faddeyin şagirdi Yelisey eramızın 56-cı ilində yaymışdır. Yeliseyin təbliği haqda alban tarixçisi M. Kalankatlı yazmışdır: ''Yelisey Yerusəlimdən İrana gəldi. Ermənistandan (Fərat ətrafı bölgədə yerləşən Arşakilər Ərməniyyəsi-red.) ötüb maskutlara baş çəkdi və Çolada (Dərbənd keçidindən cənuba doğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahili zolağı əhatə edən ərazi) öz moizələrinə başladı. Buradan da Uti vilayətinə keçdi. Yelisey Gisə (Kiş-red.) gəldi, burada kilsənin əsasını qoydu”. Beləliklə, M. Kalankatlı belə bir həqiqəti göstərir ki, Alban həvari kilsəsi Qafqazın ən qədim kilsəsidir. Bu fikri VI əsrdə yaşamış erməni katolikosu Avraam da təsdiq edir. O, albanlara yazdığı məktubunda göstərirdi: ''Müqəddəs Yelisey Albaniyada xristianlığı Ermənistandan qabaq təbliğ etmiş və Albaniyada, daha dəqiq Gis kəndində Ermənistandan qabaq kilsə tikdirmişdir''. Erkən orta əsrlərdən etibarən bu sosial - mədəni qat Azərbaycan multikultural mühitinə daxil olmuş və IV əsrin birinci otuzilliyində Qafqaz Albaniyasının hökmdarı II Urnayr xristianlığı dövlət dini elan etmişdir. Alban həvari kilsəsinin ilk iqamətgahı Çola, V əsrin ikinci yarısından isə Partav (Bərdə) olmuşdur.

Müəllifin fikrincə, eramızın I-II əsrlərindən başlayaraq, Alban kilsələri Azərbaycan torpaqlarını sıx şəbəkə ilə örtmüş, Qarabağda, Şəkidə, Qax-Balakəndə Alban xristian abidələri inşa edilməyə başlamışdır. Bu dövrdə Zəngəzurda, İrəvan məkanında da vənglər, kilsələr, monastırlar salınmışdı. Bunlardan Karbibasar mahalında Üçkilsə, Göy Mələklər Məbədi, Göyçə mahalında Sivəng, Zəngəzur mahalında Tatev, Talın mahalında Uzunlar, Vedibasar mahalında Aselişad/Xorvirab, Qırxbulaq mahalında Avan, Putqni, Qəmərlidə (Əştərək rayonunda)Pirəgən, Qırmızıvəng, Qarqavəng xristian abidələri Azərbaycanın maddi-mədəni irsinin təkraredilməz nümunələrini təşkil etmişlər.

Məqalədə bildirilir ki, V əsrin əvvəl­lərindən etibarən xristian dünyasında yaranmış yeni təlimlər xristian kilsəsini bir sıra məzhəblərə bölmüşdür.V əsrin sonuna qədər xalkidonçuluq mövqeyindən çıxış edən Alban həvari kilsəsi Sasani şahənşah­larının bölgədə apardığı konfessional siyasət ilə uyğunlaşmaq məcburiyyəti qarşısında qaldığından diofizitlikdən uzaqlaşmış, bir əsrdən çox məzhəblərarası mübarizə aparmış, VII əsrin sonlarında bölgədə yaranmış sosial-siyasi şərait onu monofizitliyə keçirmişdir.

Müəllif onu da əlavə edir ki, VIII əsrin əvvəllərində Ərəb xilafətinin hökmranlığından qurtulmaq yolunu Bizans imperiyasında görən Alban həvari kilsəsi yenidən diofizitliyə qayıtmaq istəmiş və erməni-qriqorian kilsəsinin məkri ilə üzləşmişdir. Belə ki, erkən orta əsrlərdən etibarən dövlətçiliyini itirmiş, pərakəndəlik taleyini yaşayan ermənilər geniş bir məkana - İkiçayarasından Şərqi Anadoluya, Qarsa, oradan Aralıq dənizi bölgəsinə - Kilikiyaya yayılmış, özlərinə yeni torpaqlar axtarmışlar. “Vətən” axtarışı zamanı pərakəndə erməniləri öz ətrafında toplayan erməni-qroqorian kilsəsi Azərbaycanın maddi-mədəni irsinin qatlarından olan xristian abidələrinə mərhələlərlə iddialar bildirməyə başlamışdır. Bu monofizit kilsə belə bir həqiqəti unutmağa çalışmışdır ki, Parfiyalı Qriqor tərəfindən yaradılmış erməni-qroqorian kilsəsi Aştişat kəndində, Fərat çayının qolllarından olan Arasani çayının sahilində, Taron vilayətində (Muş – red.), Kiçik Asiyanın şərq hissəsində inşa edilmiş və bu kilsənin Qafqaz meqaregionuna, o cümlədən Azərbaycsnın maddi-mədəni irsinə heç bir aidiyyatı olmamışdır.

“Lakin real tarixi yalanlar müstəvisində quran və öz pərakəndə icması üçün “vətən” axtarışında olan erməni-qriqorian kilsəsi Ərəb xilafətinin kon­fessional siyasətinin konturlarını öz maraqları ilə uzlaşdırmağı əsas götürür və katolikos İlya 704-cü ildə Alban həvari kilsəsində baş verən proseslər haqda xəlifə Əbd-əl-Malikə məktub yazır. Məktubunda katolikos İlya Alban katolikosu Nerses Bakuru Xilafətə qarşı xəyanətdə suçlayır. Nəticədə, Alban həvari kilsəsi özünün avtokefallığını itirir və 704-cü il Bərdə iclasının qərarına görə Alban həvari kilsəsi erməni-qriqorian kilsəsi ilə bərabərhüquqlu uniya əsasında idarə olunur. VIII əsrin əvvəllərindən etibarən Alban həvari kilsəsinin iqamətgahı Tərtərçayın sahilində, Tərtər, Kəlbəcər ərazisində, yerləşən Berdakurda yerləşir. IX əsrin sonlarından etibarən Alban həvari kilsəsi Bərdə iclasının qərarına tabesizlik göstərir. X əsrin ortalarından etibarən Alban həvari kilsəsi diofizitliyə keçir və bu 17 il davam edir. X əsrin ikinci yarısında yenidən monofizitliyə qayıdan Alban həvari kilsəsi XIII əsrin ortalarında avtokefallığını bərpa edir, Qəncəsər monastırı* Alban həvari kilsəsinin iqamətgahına çevrilir. Məbəd Mehranilər süla­ləsinin nümayən­dəsi, Alban Xaçın hakimlərindən olan knyaz Həsən Cəlalın əm­rilə 1216-1238-ci illərdə inşa edilir”, -deyə məqalədə vurğulanır.

Müəllif onu da əlavə edir ki, orta əsrlərdən etibarən Alban Həvari kilsəsinin maddi-mədəni irsinə və daha sonra isə bu irsi öz qoynunda qoruyan Azərbaycan torpaqlarına əsassız iddiaları üçün zəmin yaratmaq məqsədi ilə erməni-qriqorian kilsəsi XV əsrdən başlayaraq Azərbaycanın köklü əhalisi – azərbaycanlılardan İrəvan məkanının torpaqlarını almağa başlayır. Belə ki, 1441-ci ildə öz iqamətgahını Sisdən Üşkilsəyə köçürən erməni-qriqorian kilsəsi İrəvan məkanının torpaqlarını ələ keçirməyə başlayır. Bu proses 1441-ci il olayından öncə başlamış, hələ 1431-ci ildə katolikos Qriqor Makulu Azərbaycanın iri torpaq mülkiyyətçisi Əmir Rüstəmdən İrəvan məkanının 7 kəndini – Üçkilsə monastırının yerləşdiyi Üçkilsə kəndini, Qəmərli, Batrinc, Noraqavit, Ağunatun Kirəcli və Muğni kəndlərini 530 min Təbriz dinarına almış və bu kəndləri Üçkilsə monastırına bağışlamışdır. Sonralar erməni-qriqorian kilsəsi azərbaycanlıların daha 16 kəndini, digər torpaq və mülklərini ələ keçirmişdi. Bu yolla erməni-qriqorian kilsəsi pərakəndə ermənilər üçün Azərbaycan torpaqlarında yeni yaşayış məskənləri yaratmış və bu monofizit kilsə özünün köçəri icmasını Azərbaycanın tarixi torpağı olan İrəvan məkanında yerləşdirməyə başlamışdır. Həmin vaxtdan erməni-qriqorian-kilsəsi katolikoslarının Üçkilsə monastırı ətrafındakı tarixi Azərbaycan torpaqlarını pulla alıb monastırın tərkibinə qatması bir ənənəyə çevrilmişdir. Bu proses XVI əsrdə də davam edir və onun təhlükəliyini Çuxur-səəd bəylərbəyi Rəvanqulu xan görür. 1519-cu ildə o, Səfəvi hökmarı Şah İsmayıla yazdığı məktubunda göstərirdi ki, "Son illər, Beynənnəhreyndən (İkiçayarasından –red.) Van gölü sahillərinə, oradan da beş-beş, on-on Qafa (Qafqaza), bizim torpaqlara gələn ermənilər, sazişdəkilər kimi, kəsbkarlıqla, xırda ticarətlə, bənna və dülgərliklə güzəran sürməkdənsə, tabeliyimdəki torpaqlarda geniş oturaq həyat iddialarına qapılmışlar. İndi Üçkilsə kəndində əyləşən dünya ermənilərinin katolikosu II Qriqori zünnarına xas olmayan fəaliyyəti ilə və təxribatçılıq əməlləri ilə idarəmizi müşküllərə məruz qoyub. Katolikos erməni dini mərkəzinin vəqf sərmayəsi hesabına öz soydaşlarının Azərbaycan kəndləri kənarında iki-üç ailə olmaqla oturaq məskunlaşmasını maliyyələşdirir, onlara ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürünü yaradır ki, bunlar istiqbalda nəsillərimizə başağrısı verə biləcək fəsadlar törənməsinə zəmin yarada bilər”.

Bundan başqa məqalədə bildirilir ki, XVI əsrdə bu erməni təhlükəsini görən Rəvanqulu xan özünün düşüncələrində yanılmamışdır. Məkansız qalan erməni icması üçün yeni ərazilər axtarışında olan erməni-qriqorian kilsəsi, orta əsrlərdən etibarən Azərbaycan torpaqlarına nəzər-diqqətini yönəltmiş, Azərbaycanın maddi-mədəni irsi olan Alban Həvari kilsəsinə sahib çıxmağı qarşısına məqsəd qoymuşdur. Əsrlərlə bu siyasəti yeridən erməni-qriqoryan kilsəsi XIX əsrin birinci otuzilliyində Rusiya imperiyasının Azərbaycanın Arazdan şimalda olan torpaqlarının işğalından sonra “Böyük Ermənistan” uydurması üçün münbit şəraitin yetişdiyinə əmin olaraq, Alban həvari kilsəsinin irsinə sahib çıxmaq məqsədi ilə öz dindarlarının bölgədə imperiyanın siyasi hakimiyyətinin sosial bazasını təşkil edəcəyinə Rusiyanı inandıra bilmiş, imperator I Nikolayın 11 mart 1836-cı il tarixli Fərmanının imzalamasında, avtokefal Alban həvari kilsəsinin erməni-qriqorian kilsəsinin idarəçiliyinə verilməsinə, özünəməxsus xidmət göstərmişdir. Alban Həvari kilsəsinin maddi-mədəni irsinə nəzarət erməni-qriqorian kilsəsinin ixtiyarına keçdikdən sonra erməni millətçilərinin Azərbaycanın tarixi torpaqlarına qarşı əsassız iddialar qaldırmaları üçün münbit bir zəmin yaranmışdır. Eyni zamanda erməni-qriqorian kilsəsi Rusiya hakim dairələrinin icazəsi ilə 1909-1910-cu illərdə Alban həvari kilsəsinin arxivlərini məhv edərək Azərbaycanın tarixi irsinə və xalqımızın tarixi yaddaşına böyük zərbə vura bilmiş və öz məklrli siyasətini həyata keçirmək üçün aktiv fəaliyyətə keçmişdi. Azərbaycanın tarixi torpaqlarına ərazi iddiası ilə çıxış etməyi qarşıya məqsəd qoyan erməni-qriqorian kilsəsi erməni millətçi partiyalarla tandemdə XX əsrin əvvəllərində Azərbaycanın tarixi torpaqlarına əsassız iddialar irəli sürmüş, qondarma “Dağlıq Qarabağ” problemini uydurmuş, apardığı məkrli siyasət nəticəsində İrəvan məkanını ələ keçirə bilmişdir. Lakin Tarix həqiqət axtarışındadır və reallıq göstərir ki, ermənilər Qafqazda qeyri-köklü – allohton əhalidir. Bu həqiqəti onların dili, antropoloji xüsusiyyətləri təsdiq edir. Erməni-qriqorian kilsəsinin də Qafqaza heç bir aidiyyatı yoxdur, çünki bu kilsə Fərat çayının qollarından olan Arasani çayının sahilində, Muş vilayətində salınıb. Bu reallıq belə bir gerçəkliyi təsdiq edir ki, Tarix həqiqət müstəvisi üzərində yaranıb və erməniliyin uydurduğu feyklər “sabun köpüyüdür”.