Son dəqiqə

Bu şirkət minlərlə avtomobilini geri çağırır

BAKI, TurkicWorld

Almaniyanın məşhur avtomobil istehsalçısı "Volkswagen", sərnişin hava yastığında aşkar edilmiş ciddi təhlükəsizlik problemi səbəbilə minlərlə avtomobili geri çağırmaq qərarına gəlib.

TurkicWorld xəbər verir ki, şirkətin xəbərdarlığına görə, qəza zamanı hava yastığı partlaya və onun hissələri ölümcül yaralanmalara səbəb ola bilər.

Bu problem "Volkswagen Polo", "Passat", "Taigo", "ID.7", "ID.7 Tourer" və "ID.Buzz" modellərinə aiddir. Şirkət müştərilərinə rəsmi bildiriş göndərərək ən qısa zamanda rəsmi servis mərkəzləri ilə əlaqə saxlamalarını və randevu almalarını istəyib. Lakin ehtiyat hissələrinin çatışmazlığı və servis sıxlığı səbəbindən təmir müddətinin gecikə biləcəyi qeyd olunub.

"Volkswagen" müştərilərindən, təmir başa çatanadək hava yastığını deaktiv etmələrini və ön sərnişin oturacağında heç kimin əyləşməməsini xahiş edib. Xüsusilə tətil planı olan ailələr üçün bu vəziyyət ciddi narahatlıq yaradacaq.

Şirkət əlavə olaraq bildirib ki, müştərilərə maddi təzminat və ya müvəqqəti nəqliyyat vasitəsi təmin olunmayacaq.

Alman ekspert Markus Egelhaaf isə xəbərdarlıq edib ki, hava yastığı olmadan yalnız təhlükəsizlik kəməri tam qoruma təmin etmir və xəbərdarlığa məhəl qoymayanlar ciddi təhlükə altındadır.

"Volkswagen" sözçüsü qeyd edib ki, problem son aylarda istehsal edilən avtomobillərdə müşahidə olunub, lakin dəqiq istehsal tarixləri hələlik açıqlanmayıb. Hələ təhvil verilməmiş avtomobillərin isə təmir edildikdən sonra müştərilərə çatdırılacağı bildirilib.