Son dəqiqə

Şuşa Üzeyir Hacıbəyli Ağalar bəy Əliverdibəyov Xurşudbanu Natəvan Asəf Zeynallı Cabbar Qaryağdıoğlu Qurban Primov Seyid Rüstəmov

Trend BİA-nın yeni layihəsi "Mən Şuşada doğulmuşam" - Üzeyir Hacıbəylinin ilk müəllimi (FOTO)

Trend BİA-nın “Şuşa ili”çərçivəsində oxuculara “Mən Şuşada doğulmuşam” adlı yeni layihəni təqdim edir. Bu layihə ictimaiyyətdə çox tanınmayan şəxsiyyətlərə, onların həyatından maraqlı faktlara, fəaliyyət və yaradıcılığına həsr olunub. Birinci məqalə Ağalar bəy Əliverdibəyova həsr olunub.

Əliverdibəyovlar soyadı Azərbaycanda məşhurdur və musiqi mədəniyyəti sahəsində tanınmış şəxslərin sırasında yer alır. İstedadlı musiqiçilər sülaləsinin banisi Ağalar bəy Əliverdibəyov (1880-1953) olub. Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli onu özünün ilk müəllimi adlandırırdı. Ağalar bəy Əliverdibəyov Üzeyir Hacıbəylinin dayısı idi.

Ağalar bəy Əliverdibəyov Şuşada 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində anadan olub. Uşaqlığı Şuşa şəhərində keçib. O, Ağdamın dövlətli mülkədarı, Xan qızı Xurşudbanu Natəvanın süd qardaşı Kərbəlayi Ələkbər bəy Əliverdi bəy oğlu ilə Telli xanım Vəzirovanın altı övladından biri idi. Kərbəlayi Ələkbər bəyin birinci nikahından daha üç övladı olmuşdu. Onlardan biri də dahi Üzeyir Hacıbəylinin anası Şirin xanım idi. Şirin xanımla Ağalar bəy Natəvanın başçılıq etdiyi "Məclisi-üns"ün yığıncaqlarında fəal iştirak edirdilər. Ağalar bəyin babası Əliverdi bəy Hüseyn bəy oğlu Mehdiqulu xanın Ağdam üzrə darğası olmuşdu. Həmçinin, Üzeyir Hacıbəylinin atası Əbdül-Hüseyn bəy də Xurşudbanu Natəvanın şəxsi katibi olub.

Erkən yaşlardan qeyri-adi musiqi istedadı nümayiş etdirən Ağalar bəy yekunda texniki peşə sahibi olsa da, bütün həyatını musiqiyə həsr edib. O, əmisi Seyid Mirbaba Vəzirovun (yazıçı və diplomat Yusif Vəzir Çəmənzəminlinin atası) köməyi ilə muğam sənətinin incəliklərinə yiyələnib. Xurşudbanu Natəvanın “Məclisi-üns” məclislərindən ilhamlanaraq Şirin xanım musiqi gecələri təşkil edir və burada Ağalar bəy qonaqların xahişi ilə xalq mahnıları, muğam ifa edirdi. Balaca Üzeyir də bu məclislərdə əmisini dinləyir və ondan bəzi mahnıları təkrarlamasını xahiş edirdi...

Çingiz Qacar “Köhnə Şuşa” kitabında xatırlayır: “Ələkbər bəyin bütün uşaqları qeyri-adi musiqi qabiliyyətinə malik idi. Ağalar bəy də istisna deyildi, köhnə Şuşada musiqi və nəğmə hər yerdə eşidildiyinə görə o, musiqi biliklərinin əlifbasını evdə və məhəllə dostları ilə ünsiyyətdə mənimsəmişdi. Muğamı və onun ifa qaydalarını daha dərindən öyrənməkdə uşağa dayısı Mirbaba bəy Vəzirov kömək etmişdi. Pedaqoji istedada malik, yüksək təhsilli Mirbaba bəy bacısı oğlunun bir şəxsiyyət və Azərbaycan musiqisinin nəzəri əsaslarını bilən adam kimi formalaşmasında böyük rol oynamışdı. Eyni zamanda tez-tez getdiyi Natəvanın sarayındakı mədəni-maarif ab-havası da şübhəsiz, ona böyük təsir göstərmişdi. Çox sevdiyi muğamların təcrübi ifa məktəbini Ağalar bəy həmin illərdə Şuşada məşhur xanəndə kimi tanınan Muxtar Bədəlbəylinin yanında keçmişdi. Ağalar bəy bacısı Şirin xanımın musiqi axşamlarında tez-tez iştirak edirdi”.

Ağalar bəy ilkin təhsilini əvvəlcə məhəllə məscidi nəzdindəki məktəbdə, daha sonra rus-Azərbaycan məktəbində alır. O, Şuşa real məktəbinə daxil olur və burada texniki fənlərlə yanaşı, rus, alman, fars və latın dillərinə yiyələnir, tarixi, ədəbiyyatı yaxşı öyrənir.

O, 1901-ci ildə Peterburq Texnoloji İnstitutunu, sonra isə Varşava İnşaat İnstitutunu bitirmişdi. Gənc mütəxxəssis 1913-cü ildə vətənə qayıtmış, Bakı şose yolları idarəsində mühəndis vəzifəsində işləmişdi. A.Əliverdibəyov 1922-ci ildə idarə rəisi təyin olunur və Kommunista partiyasına üzv olmağı tələb edilir. O, bu təklifdən imtina etdiyi üçün vəzifədən azad edilir. Bir müddət sonra A.Əliverdibəyov Bakı Sovetinə baş mühəndis işinə dəvət olunur. Partiya ilə bağlı məsələ təkrar olunduğu üçün o, yenidən işi tərk etməli olur. O, həmçinin gözəl muğam bilicisi kimi A.Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs demişdi. Daha sonra əfsanəvi ifaçıya çevriləcək gənc Şövkət Ələkbərova da ondan dərs alıb.

Ağalar bəy Əliverdibəyov Məhbubə xanım Uğurlubəyovla ailə qurmuşdu. Onların övladları pianoçu Nüşabə Əliverdibəyova (1924-2006), bəstəkar Nazim Əliverdibəyov (1926-1986), skripkaçı Rasim Əliverdibəyov (1930-1993) və dirijor Kazım Əliverdibəyov (1934) milli sənətin inkişafına böyük töhfə veriblər.

Öz dövrünün maarifçi ziyalılarından olan Ağalar bəy Əliverdibəyov Şuşanın mədəni həyatında fəal iştirak edir, öz ətrafında muğam ifaçılarını toplayır, incəsənət barədə söhbətlər təşkil edirdi. Onların evindəki ədəbi-musiqi gecələri Cabbar Qaryağdıoğlu, Qurban Primov, Seyid Rüstəmov, Asəf Zeynallı kimi xanəndə və musiqiçiləri toplayırdı.

Vaxtilə Ağalar bəy gənc qohumu Üzeyirdə qeyri-adi istedadı görüb və ona not biliklərinin əsaslarını, tar və qavalda ifa etməyi öyrədib.

Əməkdar incəsənət xadimi, Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, professor Kazım Əliverdibəyov xatırlayır: “Atam musiqini çox sevsə də, bizim musiqi təhsili almağımızda o yox, məhz Üzeyir bəy təkid edib. Böyük bacım Nüşabə Tibb İnstitutuna daxil olsa da, hamıdan gizli olaraq konservatoriyaya da sənədlərini verib və nəticədə iki diplom alaraq ömrünün sonuna kimi musiqi məktəbində dərs deyib. Qardaşım da həm konservatoriyaya, həm də indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olımuşdu. Bunu öyrənəndə Üzeyir bəy rektordan onun universitetdən çıxarılmasını tələb edib və bildirib ki, ona musiqi sahəsində böyük ümidlər var. Elə də oldu, Nazim Əliverdibəyov bəstəkar oldu və uzun illər Bülbül adına Xüsusi musiqi məktəbinə rəhbərlik etdi. Digər qardaşım Rasim konservatoriyanı bitirdikdən sonra Üzeyir Hacıbəyli adına simfonik orkestrdə işləyib”.

Onlar bir yerdə insanları Stalin repressiyalarından xilas ediblər. O zaman Almaniyada təhsil almış qohumlarından birini Sibirə sürgün etmək qərarı veriblər. Bunu öyrənən Ağalar bəy Əliverdibəyov Üzeyir Hacıbəyliyə zəng edib. O isə bildirib ki, bu məsələdə yalnız Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırov kömək edə bilər.

Kazım Əliverdibəyov xatırlayır: “Yəqin ki, Üzeyir bəyə psixoloji baxımdan ölkənin birinci şəxsinə zəng etmək çətin idi. Məsələ ondadır ki, 1938-ci il Azərbaycan mədəniyyəti ongünlüyündə Stalin ilk dəfə “Koroğlu” operasını eşidir və bəyənir. O, Üzeyir bəyin hansı ildən partiya üzvü olduğu ilə maraqlanır. Ona cavab verirlər ki, qardaşı Ceyhun bəy xaricdədir və sovet Azərbaycanı əleyhinə çıxışlar edir. Stalin deyir: “Qardaş qardaşa görə cavabdeh deyil”. Bağırov isə soruşur ki, ona xasiyyətnaməni kim verəcək. Stalin cavablayır: “Mən, ikinci isə sən”. Beləliklə, Üzeyir Hacıbəyli partiya üzvü olur, Bağırov isə ona əlaqə üçün telefon nömrəsini verir.

Bağırovla əlaqə saxlayan Üzeyir bəy qohumu ilə bağlı vəziyyəti ona başa salır. Səhər isə qohumlarının ardınca gəlib onları Krasnovodska aparacaq gəmiyə getmələrini bildirirlər. Artıq gəmidə olarkən maşın yaxınlaşır və içindən çıxan şəxslər Ələkbər Əliyevin kim olduğunu soruşurlar və gəmidən evə qaytarıblar”.

Ağalar bəy Əliverdibəyov mindən çox xalq mahnı və təsniflərinin mətnini toplamışdı. O, həm də Azərbaycanda musiqi tarixi üzrə ilk ensiklopedik əsər olan “Musiqi tarixi” kitabını yazıb. Bu tədqiqat işi ilə yanaşı, o, bəstəkarlıq sahəsində də qələmini sınayaraq, “Harun ər-Rəşid” muğam operasını bəstələyib.

Mövzuya görə xəbərlər