Bakı. TurkicWorld:
Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakievin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 4-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Milli Məclisdən TurkicWorld-ə verilən məlumata görə, nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.