Türkiyə ilə Azərbaycanın Qarabağda əməkdaşlığı bütün türk dünyası üçün ilham oldu - Cahit Tuz

Türkiyə ilə Azərbaycanın Qarabağda əməkdaşlığı bütün türk dünyası üçün ilham oldu - Cahit Tuz

Bakı. TurkicWorld:

Qarabağın işğaldan azad edilməsi Azərbaycan xalqının və dövlətinin inteqrasiyası nəticəsində baş verdi.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyəli ekspert Cahit Tuz deyib.

"Qarabağ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemi idi. Ermənistan bəzi ölkələrdən aldığı dəstəklə Xocalı soyqırımı və bu kimi digər qırğınlar törədərək Azərbaycan torpaqlarını işğal etdi. Azərbaycanın 2020-ci ildə müdrik siyasət yeritməklə, öz torpaqlarını işğaldan azad etməsi təqdirəlayiq və mühüm fəaliyyət idi. Azərbaycan dövlətinin regional gücü onun təkcə hərbi qüdrətinin deyil, həm də bölgədəki siyasi gücünün mühüm göstəricisidir. Məhz bunun nəticəsidir ki, çox qısa müddətdə torpaqlar erməni işğalından azad edilərək Azərbaycan sərhədlərinə daxil edildi", - deyə o qeyd edib.

Ekspert onu da vurğulayıb ki, Türkiyə hər zaman olduğu kimi bütün gücü ilə Azərbaycanın haqq davasında da onun yanında idi.

"Düşünürəm ki, Türk dövlətlərinin əməkdaşlığı bir çox cəhətdən mühüm əhəmiyyətə malikdir. İlk olaraq, Türk dövlətləri bir araya gəldikləri zaman nəyə qadir olduqlarını bütün dünyaya göstərdilər. İkincisi, türk dövlətləri bir araya gələndə artıq özlərindən üstün heç bir güc tanımadıqlarını nümayiş etdirdilər. Üçüncüsü, düşünürəm ki, Türkiyə ilə Azərbaycan arasında Qarabağda əməkdaşlıq bütün türk dünyası üçün bir ilham oldu. Əslində, Qarabağın işğaldan azad edilməsinin 3-cü ildönümü münasibəti ilə bütün türk cümhuriyyətlərinin bir dam altında fəaliyyət göstərməsi üçün keçirilən toplantılar çox önəmlidir. Bildiyiniz kimi, 3 noyabr tarixində Qazaxıstanda Türk Dövlətləri Təşkilatının Sammiti keçirilib. Bu, türk dünyasının yavaş-yavaş bir araya gəlməsi deməkdir. Əslində Qarabağdakı vəziyyət ortaq pul vahidi, əlifba, hərbi güc, bəlkə də gələcəkdə ortaq siyasi güc kimi bir çox mövzularda türk dünyasını bir araya gətirəcək mühüm uğur nümunəsidir", - deyə C.Tuz əlavə edib.

Onun sözlərinə görə, bütün bunların nəticəsində Türk dövlətləri arasında əməkdaşlıq gələcəkdə daha dərin əlaqələrlə daha geniş miqyasda inkişaf etməyə davam edəcək.

"Artıq “iki dövlət, bir millət” şüarı iki qardaş ölkə arasında bütün sahələrdə özünü göstərir. İnanıram ki, gələcəkdə böyük əməkdaşlıqlar təkcə Türkiyə ilə Azərbaycan arasında deyil, Türkiyə, Azərbaycan və türk dövlətləri arasında da həyata keçiriləcək", - deyə o qeyd edib.

X: Lamanasadli01