Türkiyə MN: Azərbaycan və Türkiyə hərbçiləri gələn həftə Naxçıvanda birgə təlim keçirəcək

Türkiyə MN: Azərbaycan və Türkiyə hərbçiləri gələn həftə Naxçıvanda birgə təlim keçirəcək

"Türkiyə Silahlı Qüvvələri erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində mina axtarışı, minatəmizləmə və zərərsizləşdirmə fəaliyyətinə dəstək verməkdə davam edir".

TurkicWorld Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Pinar Kara deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan arasında ortaq fəaliyyət, təlim planlaşdırılması və idarəetmənin uyğun vəziyyətə gətirilməsi üçün “Qardaş briqada” layihəsi başladılıb:

"Hazırda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birlikdə təlim fəaliyyətləri davam etdirilir. 5-8 oktyabr tarixlərində Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi baş tutacaq".

Nazirlik rəsmisi qeyd edib ki, təlimin məqsədi Türkiyə ilə Azərbaycanın Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirməkdir və Türkiyə azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək.