Avqustun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qubada “Heydər Əliyev İli” çərçivəsində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans işə başlayıb.
Quba rayon Heydər Əliyev Mərkəzində üç gün davam edəcək konfransda din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər, həmçinin qarşıda duran vəzifələr müzakirə olunur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, idarə və təşkilatların rəhbər şəxslərinin iştirak etdikləri tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, xatirəsi ehtiramla anılıb.
Tədbir ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Komitə sədri Mübariz Qurbanlı çıxış edərək dünyəvi dövlət modelinin möhkəmlənməsi, dini müxtəlifliyin və dinlərarası dialoqun qorunması, dövlət orqanları ilə dini qurumlar arasında əməkdaşlığın tənzimlənməsi, habelə dini təhlükəsizliyin təmin edilməsi kimi məsələlərə toxunub.
Bildirilib ki, Azərbaycanın dövlət-din münasibətləri modelini möhkəmləndirən amillər içərisində dini müxtəlifliyin və mütərəqqi dini dəyərlərin qorunması, dinlərarası dialoqun inkişafı mühüm yer tutur. Prezident İlham Əliyevin bu yöndəki siyasətinə uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycandakı dini konfessiyalarla sıx əməkdaşlıq edir, müxtəlif dini etiqad mənsubları arasında qarşılıqlı hörmət və birgəyaşayışın möhkəmlənməsi, eyni zamanda, dini xurafat, fanatizm, radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində dini maarifləndirmə işi aparır.
Mübariz Qurbanlı vurğulayıb ki, dini sahədə dövlət siyasətində fanatizmə və radikalizmə, onların bütün təzahürlərinə qarşı mübarizə mühüm yer tutur. Vicdan və dini etiqad azadlığının, dini təhlükəsizliyin təmin edilməsi və dünyəvi dövlət-din münasibətləri modelinin möhkəmlənməsi istiqamətində aparılan dövlət siyasətinin uğurlu nəticəsidir ki, Azərbaycanda dini durum sabitdir.
Çıxışı zamanı son zamanlar Avropada özünü qabarıq şəkildə büruzə verən islamofobiya meyillərinə diqqət çəkən Komitə sədri Qurani-Kərimin yandırılması və təhqir ediməsinin yolverilməz hal olduğunu bildirib.
Qeyd edib ki, bu gün dünyada sülh və əmin-amanlığı bərpa etmək, dinlərarası dialoqu inkişaf etdirmək üçün beynəlxalq təşkilatlar səylərini birləşdirməlidirlər. Azərbaycan bu sahədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışır.
Rayondakı sabit dini durum barədə məlumat verən Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov bu sahədə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparılmasının zəruriliyindən danışıb.
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov, Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev, İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Naib Səttarov çıxışlarında mütərəqqi dini dəyərlərin əhəmiyyətinin ictimai fikrə çatdırılmasının önəminə toxunub, milli-mənəvi dəyərlərimizə zidd yad ideologiyaların yayılmasına qarşı mübarizədə təkcə dövlət qurumlarının deyil, cəmiyyətin hər bir fərdinin öz barışmaz mövqeyini nümayiş etdirməsinin vacibliyini vurğulayıblar.
Tədbir çərçivəsində müzakirə olunan mövzu ilə bağlı videoçarxlar nümayiş etdirilib, konkret misallarla maarifləndirmə və təbliğat-təşviqat işinin gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkilib, bir sıra təkliflər səsləndirilib.
Konfrans işini avqustun 4-dək davam etdirəcək.